Vətəndaşlar artıq icbari tibbi sığortadan yararlana bilir

Yeniliklər əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldəcək

İctimai və dövlət maraqlarının müdafiəsi

   İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqindən sonra 2021-ci il aprelin 1-dən etibarən tibbi sığorta bütün ölkəni əhatə etdi. Artıq Azərbaycan vətəndaşları icbari tibbi sığortadan faydalana bilir. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanması əlbəttə ki, dövlət siyasətinin sosial yönümlü olması, dövlət resurslarının insanların rifahı, sağlamlığı, rahat yaşayışının təmin edilməsinə istiqamətləndirilməsinin göstəricisidir. 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlət resurslarının vətəndaşların maraqlarına xidmət etməsi məqsədi daşıyır. İcbari Tibbi Sığorta Agentliyi publik hüquqi şəxsin yaranması və ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanması da əhalinin rifahı naminə atılan ən əhəmiyyətli və uğurlu addımlardan biridir. İcbari tibbi sığortanın tətbiqində hansı irəliləyişlər olub, ictimaiyyət bundan nə dərəcədə razıdır, bütün bu suallara  Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı keçirdiyi mətbuat konfransında aydınlıq gətirildi. Ötən il əldə olunan nəticələr haqqında məlumat verən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi nəticəsində səhiyyə sahəsindəki ən əhəmiyyətli islahatlardan biri həyata keçmiş oldu: “2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. Bu dövrdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində göstərilən cərrahi xidmət sayı isə 27 305-ə yüksəlib. 

Beləliklə, icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 42 faizi tibbi xidmətlərdən yararlanıb. Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşların ən çox müraciət edilən, habelə əlillik və ölüm riski olan xəstəliklər üzrə müayinə və müalicə olunmalarını təmin edib”. İdarə Heyətinin sədri tibbi statistik göstəricilərlə yanaşı səhiyyə işçilərinin əməkhaqqı artımından və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıb: “2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 faiz artım əldə edildiyini göstərir. Təchizata gəldikdə isə qeyd olunmalıdır ki, ötən il ərzində tibb müəssisələri 5 248 ədəd yeni cihaz və avadanlıqla təmin olunub, 274 tibb müəssisəsində İKT infrastrukturunun qurulması üzrə işlər görülüb”. Agentliyin eyni zamanda tibb müəssisələrində struktur dəyişiklikləri apardığını bildirən Z.Əliyev vurğulayıb ki, məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır: “İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasiyent qəbul edib”. 2021-ci ildə 4 053 636 nəfər icbari tibbi sığortadan istifadə edib. Ümumilikdə 10 milyon 348 min 289 nəfər icbari sığortaya müraciət edib”. 2021-ci ildə 27 özəl tibb müəssisəsi ilə müqavilə bağlanıb. Z.Əliyev qeyd edib ki, Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə də Agentlik tərəfindən layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihəyə əsasən 700 tibbi xidmətin İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. İlkin səhiyyə xidməti, TTTYX, laborator, ambulator və stasionar tibbi xidmətlər üzrə Agentlik tərəfindən tibb müəssisələrinə ödənilən 1000-dən çox xidmətin tarifi artırılıb. Xidmətlər Zərfinin yaxın bir ay ərzində təsdiqlənməsi gözlənir. Əsas məsələlərdən biri də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsidir. Həkimlərin əməyinin qiymətləndirilməsi və həfəsləndirilməsi məqsədilə “Əməyin Ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. “Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək. Maliyyə imkanları artdıqca səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsi daha da gücləndiriləcək. 

Əhaliyə göstərilən icbari tibbi sığorta xidmətinin əhəmiyyətindən danışan tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında tətbiq edilən və tətbiqi gözlənilən yeniliklərin vətəndaş maraqlarına xidmət etdiyini bildirdi: - Hazırda fəaliyyət göstərən həkim olaraq deyə bilərəm ki, vətəndaşlar icbari tibbi sığortadan yararlana bilir. Doğrudur, bu sahədə irəliləyişlərə ehtiyac var. 

Məsələn, yerli poliklinikaların maddi-texniki bazasının inkişafı vacibdir. Çünki vətəndaşlar ilk növbədə poliklinikalara müraciət edir, sonra uyğun tibb müəssisələrinə yönləndirilirlər. Buna görə də poliklinikalarda bütün lazımi tibbi avadanlıqların olması və müasir texnologiyalarla çalışa bilən həkim kadrlarının olması vacibdir. İcbari tibbi sığortanın müsbət tərəfləri çoxdur. Əvvəla, bu, səhiyyə sektorunda inkişafa təkan verir. İkincisi, vətəndaşların güzəştli səhiyyə xidmətlərindən istifadəsini, faydalanmasını təmin edir. Məlumdur ki, ölkədə fərqli əhali qrupları mövcuddur. Yaşlılar, təqaüdçülər, məktəbyaşlı uşaqlar, körpələr, həmçinin işsizlər və sair. Dövlət hər bir təbəqədən olan əhalinin tibbi xidmətlərdən güzəştli şərtlərlə istifadəsini təmin edir. Əhalinin işləyən təbəqəsinin əmək haqqından müəyyən tutulmalar həyata keçirilir, lakin tibbi xidmətlərin dəyəri çox zaman bu tutulmaların miqdarını üstələyir. Bu isə dövlət hesabına kompensasiya edilir. Dünyada yəqin çox az ölkə tapılar ki, icbari tibbi sığortadan kənar qalmış olsun. Bu, çox çətin, uzunmüddətli prosesdir. İcbari tibbi sığortaya keçid asanlıqla baş vermir. Əlbəttə, çatışmazlıqlar da olacaq, çətinliklər də. Bütün ölkələr bu prosesi yaşayıb, zaman keçdikcə, hər şey yoluna düşüb. Bizdə də belədir. Vacib olan budur ki, yeniliklər, dəyişikliklər davam edir. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Həkimlərin əmək haqqının artırılması, tibbi xidmətlər zərfinin getdikcə genişlənməsi də bu qəbildəndir. Bir də əsas məsələ, vətəndaşların maarifləndirilməsi, icbari tibbi sığorta haqqında, tibb müəssisələrində göstərilən tibbi xidmətlər haqqında məlumatlara əlçatanlığın təmin edilməsidir.