İstedadıq, başdan-ayağa!..


“Biri nömrəsiz maşın sürür, biri "şəhid xanımı" yazır, biri medal asır arxadan...

Fərqanə Mehmanqızı:“Bəli, şəhidlik ən ali məqamdır. Amma şəhidin həyat yoldaşının avtomobilin arxasına “şəhid xanımı” yazması, artıq başqalarından üstün görünmək, seçilmək istəyindən doğur”

“Bu vəziyyətdə həmin şəhid xanımı da diqqətdən yayınmağı yox, əksinə, diqqət mərkəzində olmağı seçib”



“Biri nömrəsiz maşın sürür, biri "şəhid xanımı" yazır, biri medal asır arxadan. Hamısı qayda pozduqda özünü qanundan, polisdən sığortalamaq üçündü. #DYP, qanunu hamıya şamil edin, kiməsə şərait yaratmayın müqəddəs adları ucuzlaşdırsınlar”. Bu status sosial şəbəkədə paylaşılıb. Arxasına “şəhid xanımı” yazılmış avtomobilin fotosu da həmçinin yayılıb. Bundan əlavə, altında medal asılmış, “veteran” yazılmış avtomobillərin də fotoları sosial şəbəkələri “bəzəyir”. Cəmiyyətin münasibəti birmənalı deyil. Qınayanlar, təqdir edənlərlə yanaşı, məsələnin kökünü “qazımağa” çalışanlar da var. Qısası, hər kəs öz düşüncə tərzinə, anlayış qabiliyyətinə uyğun rəy bildirir. 

“Şəhid xanımı” sözləri həkk edilmiş avtomobil sahibinin valideyni isə bunu qızının narahat olmaması üçün etdiklərini deyib.  Əlavə edib ki, “əvvəlcə istədik şəhidin şəklini maşına vuraq, sonra düşündük ki, maşın çirklənəndə bu, şəhidə hörmətsizlik olacaq, şəkil bozaracaq, “şəhid xanımı” yazmaq məsləhət oldu”. Guya ki, maşın çirklənəndə onu yumaq mümkün deyil və ya şəkil bozardısa və ya bozarmamış dəyişmək də çox çətin bir işdi. Yəni “şəhid xanımı” yazmaqla məsələni “birdəfəlik” həll ediblər. Həqiqətən, insan belə hallarla qarşılaşanda deməyə söz tapmır. Bu halda “sözün bitdiyi yerdir”, deyilir. Bir tərəfdən gülüş də doğurur, heyrət də. Xalqımızın istedadına heyrətlənməyə bilmirsən. Hər adamın ağlına gəlməz avtomobilin altından medal asmaq, ya da faraların böyrünə “veteran” yazmaq. İstedadıq, başdan-ayağa!..

Məsələyə psixoloji tərəfdən yanaşsaq, insanların fərqlənmək istəyi, seçilmək cəhdi hansısa problemdən xəbər verirmi? 
Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında qeyd etdi ki, cəmiyyətdə birmənalı qəbul olunan mənəvi dəyərlər toxunulmazdır: 

- Biz hər zaman insan azadlığını üstün tuturuq. İnsan öz seçimində azaddır, onu nəyəsə məcbur etmək qəbuledilməzdir, prinsipinə söykənirik. Lakin məşhur deyim var ki, bir insanın azadlığı digər insanın azadlığı başlanan yerə qədərdir. Cəmiyyətdə elə dəyərlər var ki, onlar ümumidir. 

Və hər kəs bu dəyərlərə sayğı ilə yanaşmağa borcludur. Çünki dəyərlər görməzdən gəlinirsə, dəyərlərə hörmətsizlik edilirsə, bu, cəmiyyətdə tarazlığı pozur. Azərbaycan cəmiyyəti üçün Vətən, Ana, şəhidlik, qazilik, qəhrəmanlıq, eyni zamanda qadınlıq da toxunulmazdır. Bunlar ümumi dəyərlərdir. Və bu dəyərlərə toxunmaq olmaz. Ümumi dəyərlər cəmiyyəti birləşdirir, parçalanmanın qarşısını alır. 


Amma dəyərlər aşağılandıqda, cəmiyyətdə parçalanma baş verir. Görürsünüz, bir nəfərin avtomobilin arxasına “şəhid xanımı” sözlərini yazması nə qədər fikir ayrılıqlarına səbəb olub. Hərə bir söz deyir. Biri aqressiv danışır, biri müdafiə edir, bəziləri ümumiyyətlə reaksiya vermir. Bu, cəmiyyətdə parçalanmanın, fikir qarşıdurmasının göstəricisidir. Cəmiyyətdə fərqli fikirlilik yaxşıdır, hətta lazımlıdır. Lakin ümumi dəyərlərə münasibətdə fərqli fikirlilik, hərənin ipi dörd bir yandan dartışdırması ziyanlıdır. Çünki bu, cəmiyyəti parçalanmaya sürükləyir. Biz cəmiyyət olaraq bir yumruq kimi birləşərək ümumi dəyərlərimizi qorumalıyıq. Əks halda istədiyimiz nəticəyə nail ola bilmərik. 

F.Mehmanqızı qeyd etdi ki, ictimai qınaq olmasa, bu kimi neqativ hallar kütləviləşə bilər: 

- Bəzi insanlar fərqli görünməyə meyillidir. Ətrafdakılardan seçilməyə çalışırlar və təəssüf ki, bunu başqalarını əzmək yoluyla edirlər. Bəli, şəhidlik ən ali məqamdır. Amma şəhidin həyat yoldaşının avtomobilin arxasına “şəhid xanımı” yazması, artıq başqalarından üstün görünmək, seçilmək istəyindən doğur. Valideyni deyib, deyəsən, kimlərsə baxır, diqqət çəkməsin deyə belə yazıblar. Əksinə, bu sözü yazmaqla daha çox diqqət çəkəcək. Özünüz düşünün, siz arxasına hansısa bir qəribə ifadə yazılmış avtomobilin sükanı arxasına kimin əyləşdiyini maraq edərsiniz, yoxsa, sadə, heç bir detalıyla diqqət çəkməyən avtomobilin sürücüsünü?! Belə bir sorğu keçirsək, çoxları diqqət çəkən avtomobilin sürücüsünün kimliyi ilə
 maraqlanacaqlarını söyləyəcək. Bu vəziyyətdə həmin şəhid xanımı da diqqətdən yayınmağı yox, əksinə, diqqət mərkəzində olmağı seçib. Belə çıxır ki, “şəhid xanımı” yazılan avtomobilin sürücüsünə baxmaq olmaz, ona, üzr istəyirəm ifadəmə görə, sataşmaq olmaz, amma sıravi bir xanıma, qadına sataşmaq olar?! Bu nə yanaşmadır? Heç kimə sataşmaq olmaz. Ümumiyyətlə, mən bir neçə ildir sükan arxasındayam, hələ indiyədək kimsə mənə nə söz atıb, nə də çəp baxıb. 

Eləcə də maşının arxasına diqqət çəkən hansısa başqa ifadə yazmaq, ya da medal asmaq. Bunlar qəbuledilməzdir. Kütlə bunları həzm edə bilmir. Cəmiyyətdə ziddiyyət, aqressiya yaranır. Dediyim kimi, bunlar toplumu parçalayan, ayıran hallardır.