Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb

"Dünyada yeni çağırışlar var. Daha çox texnologiyalara üstünlük vermək lazımdır"

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
 
Yeni yaradılan Milli Müdafiə Universitetinin Azərbaycanın hərb həyatına təsiri haqqında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Şərq”ə  açıqlama verib. O bildirib ki, bu bir qədər qardaş ölkə Türkiyə sisteminə oxşar modeldir:

“Bu, dünyada qəbul olunmuş sistemdir. Mütərəqqi bir addımdır. Çox istərdim ki, orada çalışan zabitlər qısa bir müddətdə o təcrübəyə yiyələnsinlər. Bizim də öz təcrübələrimiz var. Lakin NATO standartlarının, dünyada öndə olan ölkələrin hərbi təhsil sisteminin bizim orduda da tətbiqi sevindirici olar. Çünki dünyada çox şeylər dəyişib. Hərb sahəsində də inkişaf baş verib. Azərbaycan SSRİ dövründən də öz hərbi sistemi ilə seçilib. O dövrdə Azərbaycanda Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbi, Kirov adına Hərbi Dənizçilik Məktəbi, Cümşüd Naxçıvanski adına Hərbi Lisey və başqa hərbi strukturlar var idi. İndi artıq 21-ci əsrdir. Milli Müdafiə Universiteti, o cümlədən, Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi İdarəetmə İnstitutunun üzərinə yeni vəzifələr düşür”. 
Ekspert bu təhsil ocaqlarında görmək istədiyi perspektivləri sadalayıb. O qeyd edib ki, təkcə ad dəyişməsi yox, məzmun da, keyfiyyət də dəyişməlidir:
“Dünyada yeni çağırışlar var. Daha çox texnologiyalara üstünlük vermək lazımdır. Regionun real təhdidlərinə qarşı  məsələlərə diqqət yetirilməlidir. Qarşıdan Silahlı Qüvvələr Günü gəlir. Düşünürəm ki, Prezident İlham Əliyev yəqin ki, şəxsi heyətlə görüşü zmananı bu məsələlərə, hansı istiqamətlərə diqqət vermək lazım olduğunu diqqətə çatdırar. Ümumilikdə çox müsbət, yaxşı bir tendensiyadır. 
Azərbaycan Müdafiə Nazirliyinin və digər güc strukturlarının xeyli hissəsinin peşəkarlarla əvəzlənməsinin, gələcəkdə peşəkarlığa daha çox üstünlük verilməsinin tərəfdarıyam. Bu təkliflə daimi olaraq çıxış edirəm. Məsələn, 10 hərbi hissə saxlamaqdansa, 5 hərbi hissə saxlayaram. Qalan maliyyəni, digər vasitələri buna xərcləyərəm.  Bununla keyfiyyət də dəyişilərdi. Yəni kəmiyyəti yox, keyfiyyəti düşünməliyik”.