Biznes hüququ sahəsində çalışan vəkillər bir çətir altında birləşəcək
Biznes sahəsində çalışan vəkillərin komitəsinin yaradılması gözlənilir. Bu barədə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı ictimai təqdimat zamanı Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov bildirib.
O, diqqətə çatdırıb ki, bununla bağlı kollegiyaya müraciət daxil olub:
"Tədbirin ikinci hissəsində bu məsələyə baxılacaq. Rəyasət heyətinin iclası keçiriləcək. Burada bir çox ciddi məsələlər müzakirə ediləcək".
Hüquqşünas Hüseyn İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifələrindən biri hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli hüquqi yardım göstərilməsini təmin etməkdən ibarətdir:
"Son illərdə Vəkillər Kollegiyası üzvlərinin sayının artırılması, vəkillik fəaliyyətinin şəffaflaşdırılması, həyata keçirilən ödənişsiz hüquqi yardım aksiyaları və ölkə daxilində vəkilliyin nüfuzunun artırılması istiqamətində aparılmış islahatların məntiqi davamı olaraq, Vəkillər Kollegiyasının CCBE kimi nüfuzlu beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunması Kollegiya rəhbərliyinin gərgin əməyinin nəticəsidir. Adıçəkilən təşkilata üzvlük artıq Kollegiyanın ölkə xaricində də sözükeçən və etibarlı təşkilat kimi tanınmasına rəvac verəcək. Kollegiyanın apardığı islahatların ardınca Rəyasət Heyətinin sədri Anar Bağırovun biznes hüququ sahəsində çalışan vəkillərin komitəsinin yaradılması ilə bağlı səsləndirdiyi təklif təqdirəlayiq hesab olunmalıdır. Bildiyiniz kimi, hüquq sahələri bir-birindən fərqlənir. Adətən vəkillər və hüquqşünaslar müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Ölkəmizdə təşəkkül tapmış hüquq praktikasında bu rəsmi xarakter daşımasa da, vəkil və hüquqşünaslar cinayət, mülki, ailə, inzibati, biznes (korporativ) hüququ və digər hüquq sahələri üzrə fərqli sahələrdə ixtisaslaşırlar. Onlardan biri də korporativ hüquq adlanan biznes hüququdur. Bu istiqamət əsasən, sahibkarlıq subyektləri arasında olan hüquq münasibətlərini, o cümlədən onların təsis olunması, onlar arasındakı müqavilələr, vergi, lisenziya, korporativ idarəetmə, hüquqi şəxslərin ləğvi və bu kimi münasibətləri tənzimləyir. Mən də daxil olmaqla bir çox hüquqşünaslar biznes hüququ istiqamətinə uyğun ixtisaslaşmışıq. Kollegiyada fəaliyyət göstərəcək Biznes Hüququ Komitəsinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirirəm”.
H.İsmayılovun qənaətincə, Komitə biznes hüququ sahəsində çalışan vəkilləri bir çətir altında birləşdirəcək:
"Əminəm ki, Komitənin yaradılması ölkəmizdə biznes hüququnun inkişaf etdirilməsi, bu sahədə iş adamları ilə vəkillər arasında görüşlərin keçirilməsi, meydana çıxmış hüquqi boşluqların aradan qaldırılması, biznes hüququ üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həm vəkillər, həm də iş adamları üçün faydalı olacaq”.
Norma Hüquq Mərkəzinin direktoru Şamil Paşayev də qeyd edib ki, Azərbaycanda Qadın Vəkillər Alyansının, biznes sahəsində çalışan vəkillər komitəsinin yaradılması ümumən müsbət hal kimi qiymətləndirilməlidir:
"Vəkillərin gələcək üçün ixtisaslaşması, kateqoriyalar üzrə fəaliyyət göstərmələrini və peşəkarlaşmalarını təmin edə bilər. Perspektivdə başqa dərnəklərin, alyansların, birliklərin yaradılması da yəqin ki, mümkündür. Bu həm vəkillərə, eyni zamanda fiziki və hüquqi şəxslərə öz sahələrini seçməkdə köməklik göstərə bilər. Ümid edirəm ki, Azərbaycan Vəkilliyinin layiqincə təmsil olunmasını yaxın zamanlarda görəcəyik".