“İntiharlarla bağlı xəbərlər azalsa, daha yaxşıdır”

“Müharibədən sonra Yaponiyada intiharlar artdı, səbəb də hadisələrin xəbərlərdə verilməsi idi”

“Media rəhbərliyi artıq intiharlarla bağlı heç bir mövzunun bundan sonra işlənməyəcəyini bildirdikdən sonra say aşağı endi”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlama yayıb. "Sherg.az"ın məlumatına görə, xəbərdə deyilir: 
-Son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən  jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.

Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir.

Eyni zamanda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.

Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq.




Psixoloq Fərqanə Mehmanqızı "Şərq" açıqlamasında bildirib ki, intiharlarla bağlı yazılar, xəbərlər mətbuatda, sosial şəbəkələrdə nə qədər azalsa, bir o qədər yaxşıdır:

"Psixoloji həssas, təlqinə meyilli insanlar müəyyən psixoloji duruma məruz qaldıqları zaman internetdəki informasiyalar çıxış yolunu açıq şəkildə intihar etməkdə görür. 

Hər zaman canına qıyan şəxs yox, onun ətrafındakı insanlar günah obyektinə çevrilir. Rəylərdə ictimaiyyətin fikirləri, jurnalistlərin qoyduğu başlıqlar onları intihara sövq edir. 

Bu gün insanlarda o qədər beyin tənbəlliyi yaranıb ki, müəyyən problemin həllini ən asan variant kimi gördükləri intiharlara bağlayırlar. Əgər sözügedən qızın canına qəsd etməsinə səbəb erkən nikahdırsa, o, bu gün də var və gələcəkdə də olacaq. İnsanlar hazırda mənəvi cəhətdən acdırlar. 

Daxili aqressiyadan əziyyət çəkirlər. Ona görə də intihar hadisələrinin ictimaiyyətə çatdırılması bir az qapalı saxlanılmalıdır. Belə olarsa, müəyən qədər qarşısını almış olarıq. Məsələn, müharibədən sonra Yaponiyada intiharlar artdı, səbəb də hadisələrin xəbərlərdə verilməsi idi. 

Media rəhbərliyi artıq intiharlarla bağlı heç bir mövzunun bundan sonra işlənməyəcəyini bildirdikdən sonra say aşağı endi. Düşünürəm ki, bizim mediada da özünü öldürən şəxslərlər bağlı informasiyalara çox yer verilir. 

Doğrudur, Şərq ölkəsi olduğumuz üçün faciəvi, ağlaşmalı xəbərləri daha çox oxuyuruq. Hər hansı erkən nikahla əlaqəli intihar cəhdinin səbəbi kimi araşdırılınca ailənin psixoloji, maddi durumu təhlil edilməlidir. Yaxşı olardı ki, jurnalistlər intihar etmiş ailəni danışdırıb, o mühiti öyrənməlidirlər. Kənardan mühakimə etmək olmaz. 

Əgər savadlı, ali təhsilli bir insan erkən nikaha daxil olan şəxsi qınasa, bu, onun peşəkar olmadığını göstərər. Çünki mühit, adət elədir".