Qadın qətli artıb! - “Çox bərbad bir durumdur”

2017-ci il iyul ayının 7-nə keçən gecə Qubanın Küpçalqışlaq kəndi ərazisində baş vermiş cinayət hadisənin detalları məlum olub.
Osman Ömərov münasibətdə olduğu Ülviyyə Məmmədovanı dostu Rəhman İşıqovun açdığı yeni kafeyə işçi kimi gətirib. İşə düzələndən sonra O.Ömərov Ü.Məmmədovanı dostu R.İşıqova qısqanmağa başlayıb. O.Ömərov münasibətləri araşdırmaq üçün Ü.Məmmədovanı və R.İşıqovu Qubanın Küpçalqışlaq kəndinə dəvət edib. Elə oradaca əvvəl Ü.Məmmədovanı, daha sonra isə R.İşıqovu bıçaqlayaraq, qətlə yetirib.

Qətldən sonra O.Ömərov meyitləri R.İşıqovun VAZ-2106 nömrəli maşınına qoyaraq, Qudyalçayın üzərində yerləşən körpüyə gətirib. Qəza effekti yaradaraq, maşını körpüdən aşağı yuvarlayıb. Daha sonra əzilmiş avtomobilə od vuraraq meyitlərlə birgə yandırıb. Ü.Məmmədovanın anası iddia edir ki, R.İşıqov evli ola-ola onun qızına elçi gəlib. Amma o, bunu qəbul etməyib. Toplanmış sübutlar əsasında Osman Ömərov bu il mayın 19-da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həbs olunub. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, mayın 30-u axşam saatlarında Xırdalan şəhərindəki “Abşeron” Gənclər Şəhərciyində də bənzər qətl törədilib. İlkin məlumata görə, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Onlar bir həftə öncə ayrılıblar. Amma keçmiş əri qətlə yetirdiyoi xanımı davamlı olaraq, narahat edirmiş. Hal şahidlərindən əld\ edilən məlumata əsasən, keçmiş həyat yoldaşı mərhumun iş yerinə də gələrək, onu təhdid edib. Həmin gün xanım hüquq-mühafizə orqanlarına müraciət edib və məsələ dinc şəkildə yoluna qoyulub. Amma yenə də kişinin hədə dolu zəngləri ara verməyib. Keçmiş əri mərhumu binanın həyətinə çağırıb. 5 dəqiqədən sonra qadını yerə yıxıb, şah damarına xeyli bıçaq zərbəsi endirərək, qətlə yetirib. Ən dəhşətlisi isə hadisə azyaşlı oğlan uşaqlarının gözü qarşısında baş verib.

 Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Sherg.az" a açıqlamasında bildirib ki, qadının təhdid olunması ilə bağlı məlumatı yoxdur:

"Amma çox güman ki, münaqişə var idisə, onların hüquq- mühafizə orqanlarına müraciətləri də olub. Çox bərbad bir durumdur. Üstəlik uşaqların gözü önündə baş verməsi daha acınacaqlıdır. Məni daha çox maraqlandıran isə həmin uşaqların taleyidir. Onların kimin himayəsində olması barədə heç nə bilmirəm".