Hüquqşünaslar Azər Həsrətin qaldırdığı məsələyə haqq qazandırdılar
Siyasi şərhçi Azər Həsrət Dövlət Vergi Xidmətinin məhkumluq barədə arayış tələbindən şikayətçidir. Bu barədə özünün feysbuk hesabında məsələ qaldıran A.Həsrət hüquqşünaslardan izah rica edib: “Bir dövlət qurumu bir vətəndaşdan dəxli olmadan ağır cinayət törətməsi və ya ödənilməmiş məhkumluğunun olub-olmaması haqqında sənəd təqdim etməsini hansı hallarda tələb edə bilər?
Ömrümdə ağır cinayət törətməmişəm, heç vaxt məhkumluğum, milli-mənəvi dəyərlərlə bir araya sığmayan fəaliyyətim olmayıb, fəaliyyət qabiliyyətsizliyim də yoxdur. Amma bizens açmaq istəyimə görə vergilər xidməti məndən bunlarla bağlı arayış istəyir. Yəni mən niyə etmədiyim əməllərə görə arayış təqdim etməliyəm? Bunun məntiqini kimsə mənə izah edə bilərmi?”.
Hüquqşünas Ələsgər Məmmədli isə qeyd edib ki, dövlət xidmətlərinin keyfiyyətinin artması və bürokratiyanın aradan qalxması üçün vahid xidmət portalları qurur, fərdi məlumat bazasına bütün dövlət qurumlarının çıxışını təmin edir:
“Buna görə belə arayışın müraciətçidən tələb olunması xərclənən milyonların havaya atılmasıdır. Əgər hər hansı məsləyin icrası üçün əlavə fərdi məlumatlar istənirsə, bu da digər dövlət qurumundadırsa, vətəndaşdan bunun tələb olunması yüngül ifadə etsək, xidmətin düz qurulmamasıdır. Ağır tərəfi isə korrupsiyaya yönləndirməkdir”.
Vəkil Muxtar Mustafayev də öz növbəsində müəyyən fəaliyyət növləri, məsələn, vəkillik, auditor, bank və s. fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən məhdudiyyətlər olduğunu deyib. Amma bu arayışı vətəndaşdan tələb etmirlər, özləri sorğu ilə əldə edirlər: “Biz vəkilliyə qəbul zamanı bunu namizəddən istəmirik, özümüz əldə edirik. Məhkumluğun olmaması ilə cinayət törətmiş şəxs olmanı eyniləşdirmək lazım deyil. Cinayət törətmiş şəxs müəyyən vaxt keçdikdən sonra təkrar cinayət törətmirsə məhkumluğu götürülmüş hesab edilir. Amma o, bəraət almayana kimi cinayət törətmiş şəxs olaraq qalır. Hakimliyə, prokurorluğa və digər orqanlara qəbul zamanı şəxsin məhkumluğunun olmaması deyil, nə vaxtsa cinayət törətməməsi tələb olunur”.