Ötən dəfə müğənni Damla Naxçıvanda solo konsert proqramında çıxış edib. İfaçı səhnədən düşərək, onu izləməyə gələn tamaşaçılarla görüşüb. Həmin zaman böyük izdiham yaşanıb. Fanatları Damla ilə ünsiyyət qurmağa, əlini tutmağa çalışıblar. Hətta hönkür-hönkür ağlayanları da paylaşılan videoçəkilişdə görmək mümkündür. İnsanların müğənni üçün sərgilədikləri bu davranışlar ictimai qınağa səbəb olub. Sosial şəbəkələrdə qadınların belə rəftar etməsi müxtəlif tənqidlərə yol açıb. Həmin hərəkətləri hər hansı Azərbaycan qadınına yaraşdırmayıblar.
Sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında təəssüflə bildirib ki, son illər bu tip hadisələrin daha tez-tez şahidi oluruq:
"Cəmiyyətimizdə son vaxtlar həqiqi mənada mənəvi deqradasiya gedir. Müxtəlif səbəbləri ola bilər. İndiki zamanə insanları milli-mənəvi dəyərləri heçə sayaraq, müasir bir insan təəssüratı bağışlamaq istəyirlər. Özünüreklam dəb düşüb.
Tanınmaq xatirinə müxtəlif oyunlardan çıxmaq kimi hallar Azərbaycan qadını adına layiq deyil. Neçə min illik tarimizdə heç vaxt belə vəziyyət müşahidə edilməyib. Son zamanlar şahidi olduğumuz biabırçılıqlar televiziyalarda davamlı olaraq, gənclərə əyləncənin təbliğ olunması səbəbindən baş verir.
Mediada bu kimi şəxslərin adının çəkilməsi, cəmiyyətə ideal kimi təqdim olunması gəncləri uçuruma sürükləyir. Onlar alimlərimizi, ziyalılarımızı, müxtəlif dünya şöhrətli şəxsləri, mədəniyyət sahəsindəki karifey sənətkarlarımızı artıq heç kim saymır.
Amma küçədən gəlmə müğənnilərə, bar qızlarına, əxlaqsızlara qarşı çox böyük sevgi bəslənir. Hansı ki, burada heç bir dəyərdən, sənətdən söhbət gedə bilməz. Dünya ölkələrində dünya ulduzlarının müəyyən qədər belə formada qarşılamna hallarına rast gəlinir. Amma onlar dünyada ad-san qazanmış sənətkarlardır. Hətta o zaman belə bu qədər rüsvayçılıqlar olmur.
E.Bayramlı qeyd edib ki, ölkəmizdəki bayağı, düşük, tamamilə səviyyəsiz, cəmiyyətə heç də müsbət mesajlar ötürməyən maddi dəyərləri gənclərə aşılayırlar:
"Bunun qarşısını almaq üçün də sosioloqlar, jurnalistlər son 10-20 ildə belə mövzuları yazır, sərt şəkildə tənqid edirlər. İctimai qınaq da bu yaxınlara kimi var idi. Lakin indi zəifdir. Cənab Prezidentimiz hər zaman çıxışlarında dövlətimizin müəyyən milli-mənəvi dəyərləri üzərində yaşayır, inkişaf edir və daim də belə olacaq.
Dövlət başçısının toxunduğu bu məqamlara mediamız zərrə qədər də əməl etmir. Tamamilə əksinə fəaliyyət göstərir. Gənclərə elm, texnologiya, həqiqi müasirliyi öyrədilmək əvəzinə şou xarakterli informasiyalar verilir.
İnsanın şüuraltısına televiziyanın, sosial şəbəkələrin çox böyük təsiri elmi şəkildə hər kəsə məlumdur. Dövrümüzün adamları sanki bizim milli-mədəni irsimizə aid deyil. Onların əksəriyyətinin milli kinolarımızdan, mədəniyyət əsərlərimizdən xəbərləri yoxdur. Amma küçədən çıxan bu kimi şəxslərə, heç bir yaradıcılığı olmayan insanlara böyük bir dahi kimi baxırlar.
Əfsuslar olsun ki, getdikcə bu hallar artıq utanılacaq duruma gəlib, çıxır. Əgər burada həm dövlət, həm də ictimai qınaq birgə olmasa, cəmiyyət belə mövzulara göz yumsa, vəziyyət bundan da pis olacaq".