AQTA-dan MONİTORİNQ! – 12 bağçada nöqsan:“ Nəzarət güclənsin”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bir həftə ərzində uşaq bağçalarında monitorinq keçirib. 12 bağçada ümumilikdə 97 nöqsan aşkarlanıb. Proses mayın 31-dən iyunun 3-dək müddətdə aparılıb. Çatışmazlıq müəyyən edilən bağçaların hər biri ilə bağlı inzibati tədbir görülüb.

Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az"a açıqlamasında bildirib ki, qida sektorunda digərləri ilə müqayisədə uşaq və pəhriz məqsədilə hazırlanan qida məhsullarına diqqət və tələblər daha yüksəkdir:

"Hər şeydən əvvəl uşaq orqanizmi daim formalaşdığı üçün inkişafı intensivləşdirən, sürətləndirən qida inqridiyentləri ilə zəngin olan məhsullardan istifadə önəmlidir. Məhz buna görə də sənədlərdə uşaq ərzağı məhsullarına irəli sürülən tələblər xüsusilə vacibdir. Sulfidləşdirilmiş, yaxud da kimyəvi vasitələrlə emal edilib, saxlanılmış məhsullardan, uşaq yaxud pəhriz ərzağında istifadə olunmur. 

Buna görə də əksər texnoloji sxemdə, uşaqların qidalanması üçün nəzərdə tutulan, təzə yığılmış meyvə və giləmeyvələrdən məhsullar istehsal  edilir. Yaxud da ət, süd məhsulları da daxil olmaqla tədarükdən sonra qısa müddət saxlanılan xammallardan uşaq ərzağı istehsalında faydalanırlar. Hazırda cəmiyyətin sivil inkişafı, valideynlərin işləmə ehtiyacı uşaqların bağçalarda qalmasına vaciblik doğurur. Bu baxımdan da ana-atalar övladlarını dövlət və ya özəl bağçalara etibar edirlər".

Ekspert vurğulayıb ki, AQTA-nın monitorinqi agentlik əməkdaşlarının vəzifə borcudur:

"Bu məsələlərə nəzarət edilməsini dövlət başçısı AQTA-ya həvalə edib. Hətta agentliyin yoxlamalarının daha intensiv keçirilməsi arzuolunandır. Nəinki bağçalarda, bütün qida sənayesi müəssisələrində işin icrasına baxılmalıdır. İstehsal olunan məhsulların bağçalarda necə dəyərləndirildiyi ilə bağlı nəticələrə baxılır. Monitorinqlər zamanı əsasən, mətbəxlərdə problemlər olur. 

Orada çalışan əməkdaşlar mütəxəssis olmalıdır. Yəni iaşə təhsili olan şəxslər mətbəxlərdə fəaliyyət göstərməlidir. Körpələr evi, uşaq bağçaları, qida sektorunda işləyənlər hər biri ən azı 6 aydan bir həkim müayinəsindən keçməlidir. 

Hərtərəfli tibbi yoxlamadan keçən yoxdursa, bu, olduqca acınacaqlı bir vəziyyətdir.

İstiqamət üzrə AQTA-ya mütəxəssis olaraq, yardım  göstərməyə məmnuniyyətlə hər zaman hazıram. Agentliyin addımını yüksək qiymətləndirirəm. Nəzarət işlərinin vaxtlı-vaxtında, davamlı aparılmasını tövsiyə edirəm".