Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevin avtomobildə yanaraq, ölməsi barədə məlumatın saxta olduğu aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2021-ci il 25 noyabrda Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və şəxsin tam yanmış meyitinin tapılması ilə əlaqədar əməliyyat və istintaq tədbirləri həyta keçirilib.
Məlum olub ki, “Kaspian İnşaat MB”-nin direktoru R.Qəniyev MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparılıb. Buna görə də o, avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq, qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub. R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.
O, “ölümünü” deyilənlərə görə, belə gerçəkləşdirib:
Meşədə ölmüş itin sümüklərini avtomobilinə yığıb yandırıb. Belə çıxıb ki, özü maşında yanıb ölüb. Həmin vaxt Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti belə bir məlumat yayıb ki, yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq, aidiyyəti üzrə təhvil verilib.
Həkim, Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında həmin adamın köhnə bir qəbirstanlıqdan ölmüş insan sümüklərini yığıb, orada yandırması ehtimalı olduğunu qeyd edib:
“Ona görə də ekspert sümüklərin insana aid olduğunu təsdiq edib. Balaca uşaq da bilir ki, itlə insan sümükləri həm quruluşu, həm ölçülərinə görə, kəskin surətdə fərqlənir. Bu, sadəcə olaraq, lağlağı məqsədli fikir ola bilər. Təbii ki, ekspertizanın keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər görülməlidir.
Öz təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda bir çox hallarda ekspertiza rəyləri həqiqətin üzə çıxmasında o qədər önəmli rol oynamır. Bu baxımdan da dövlət mümkün qədər ekspertlərin mütəxəssis kimi yetişməsinə daha çox qayğı göstərməlidir.
Bu gün elmin ən son nailiyyətləri əsasında Azərbaycanda Məhkəmə-Tibbi Ekspertiza maddi-texniki bazası gücləndirilməlidir. Yeni aparatlar alınmalıdır. Yəni burada problem təkcə ekspertin rəyinə, savadına deyil, həm də imkanlara bağlıdır”.