Novella Cəfəroğlu:“Bütün dünyada alınan mallar 14 gün ərzində qaytarıla bilər. Bu qayda təkcə Azərbaycanda deyil. Mağaza cərimələnməlidir”
Bakıda vətəndaş mağazadakı satıcı ilə problem yaşayıb. Nərimanov metrostansiyasının yanında "Banu" qadın geyimləri mağazasından 18 iyunun 230 manat məbləğində üst geyimi alıb. Növbəti gün aldıqları arasından 80 manat məbləğində bir paltarı qaytarmaq istəyib. Lakin satıcı indiyə kimi heç bir alınan malı geri almadıqlarını söyləyib. Üstəlik istehlakçıya "haraya istəsəniz, müraciət edin",- deyə bildirib.
Mağazalardakı özbaşınalıqlarla bağlı "Sherg.az"a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, mağaza istehlakçı qəbz göstərdiyi və mal korlanmadığı halda məhsulu geri götürməlidir:
"Bütün dünyada alınan mallar 14 gün ərzində qaytarıla bilər. Bu qayda təkcə Azərbaycanda deyil. Mağaza cərimələnməlidir. Eyni zamanda onunla bağlı cəza tədbirləri görülməlidir. Adətən, mağazanın səlahiyyətli şəxsləri alıcının heç bir orqana şikayət etməyəcəyindən əmin olduğu üçün istehlakçı ilə o tərzdə, arxayıncasına danışır. Belə məsələlər qəzetlərdə, saytlarda, televiziyalarda işıqlandırılsa, mağaza sahibləri məhsulu qəbul edər. Kütləvi İnformasiya Vasitələri həmin mağazaların, sahiblərinin, satıcıların adlarını ictimiayyətə çatdırmalıdır. Beləliklə, onlar da dərs götürərlər. Analoji problemləri qınaq obyektinə çevirməsək, mağazalarda, marketlərdə özbaşınalıq, qanunsuzluq davam edəcək".