"İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışı zamanı ekoloji problemlərdən danışıb. Nazir bildirib ki, Xəzər dənizi planetimizin unikal su hövzəsidir:
"Eyni zamanda sahilyanı dövlətlərin xalqları üçün qlobal əhəmiyyətə və dəyərə malik olan zəngin təbii sərvətləri ilə məşhurdur. Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər - iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır".
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir:
"Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir”.
M.Babayev Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görüldüyünü vurğulayıb.
Konfransda iştirak edən nazir müavini Rauf Hacıyev isə Xəzər dənizi səviyyəsinin düşməsinin region üçün potensial təhlükəyə çevrildiyini diqqətə çatdırıb:
"Xəzər dənizi daxili su hövzəsi olaraq, dünyanın ən iri gölü hesab edilir. Dənizin uzunluğu şimaldan cənubadək 1200 kilometr, eni isə orta hesabla təxminən 320 km təşkil edir. Volqa, Ural, Kür və s. çayların hövzəsindən ibarət olan dəniz ərazisinin iqlim müxtəlifliyi şimaldan bataqlıq, şərq və qərbdən isə yarıquraq və isti quraq sahillərlə əhatə olunması ilə izah edilir".
R.Hacıyev əlavə edib ki, iqlim dəyişmələri son 30 il ərzində Xəzər dənizinin hövzəsində özünü daha həssas göstərib:
"Bunun nəticəsində Xəzər dənizinin sahil boyunda yaşayan əhali ciddi iqlim dəyişmələrinin, dənizin su səviyyəsinin tərəddüdünün, sel və quraqlıqların mənfi təsirlərinə daha çox məruz qalıb. Azərbaycanın bütün ərazisində bu müddət ərzində yağıntının miqdarı nəzərəçarpacaq dərəcədə azalıb. Bunun müqabilində isə orta aylıq temperaturun yüksəlməsi gözlənilir. İqlim dəyişmələri səbəbindən Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün potensial təhlükəyə çevrilib. Dənizə tökülən çayların suyunun azalması yağıntıların miqdarının azalması ilə bərabər, həm də çay sularından kənd təsərrüfatının artan təlabatının ödənilməsinə yönəldilməsi ilə də xarakterizə olunur”.
Qeyd edək ki, İtaliya son 70 ilin ən quraqlıq dövrünü yaşayır. Hökumət ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdə birini təşkil edən və Po çayını hövzəsi boyu yerləşən beş bölgədə quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edib. Ölkə rəhbərliyi, həmçinin sözügedən bölgələrə 36,5 milyon avro yardım ayrılmasını təsdiqləyib.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsi tarix boyu mövcud olduğu dövr ərzində həmişə artıb-azalıb:
"Regional problem olaraq, qəbul ediləndir. Lakin kəskin böhran, ekoloji vəziyyət kimi xarakterizə etmək doğru deyil. Xəzər dənizinin səviyyəsi bir müddətdən sonra qalxa bilər. Səbəbi bəzən iqlim dəyişikliklərinə bağlayırlar. Amma bu, özünü o qədər də doğrultmur. Məsələn, 60-70-ci illərdən bəri qlobal istiləşmə başlayıb.
Bildiyimiz kimi, 1978-ci ildən 1995-ci ilə qədər dəniz suyunun səviyyəsi qalxdı. Xeyli ərazi su altında qaldı. 1995-ci ildən sonra isə yenidən enməyə başladı. Qlobal istiləşmə davam edir, bəzi regionlarda yağıntıların azalması prosesi gedir, amma Xəzər öz bildiyi kimi hərəkət edir. Deməli, burada bir sıra başqa səbəblər də axtarmaq lazımdır.
Bəzi alimlər bunu tektonik proseslərlə xarakterizə edirlər. AMEA-nın Geologiya və Coğrafiya İnstitutu birlikdə bu sahədə müəyyən layihələr irəli sürürlər. Çox ciddi tədqiqatların aparılması tələb olunur. Təbii ki, son 27 ildə Xəzər dənizinin 2 metrə qədər səviyyəsinin düşməsi ciddi problemdir. Məsələn, elə bu yaxınlarda Kür çayının Xəzərə töküldüyü yerdə də suyun azalması çox aydın şəkildə görünür.
Amma sürətin gözlədiyimizdən də çox olması iqlimdəki istiləşmə ilə bağlıdır. Yəni temperaturun artması, bu təbii prosesi bir az da tezləşdirir. Nəticədə əlbəttə, ekoloji problemlər üzə çıxacaq. Quru sahənin genişlənməsi, istər-istəməz havanın temperaturunun yüksəlməsi, kontinentallığı bir az da artırır. Bu da əlavə suvarma suyu tələb edir. Maye əhalinin həyat və fəaliyyəti üçün daha çox lazımdır. Belə olduğu halda çaylara daha çox meyil edirik və Xəzərə gedən su azalır.
Türkiyə, Rusiya, Qazaxıstanda da eyni proses gedir. Bu mənada hərəkətlərimiz, insan fəaliyyəti Xəzərin səviyyəsinin dəyişməsinə, ekoloji problemlərin dərinləşməsinə səbəb olur. Xəzər dənizində suyun azalmasına qarşı hər zaman mübarizə aparılır. Dəfələrlə proyektlər hazırlanıb. Xəzərin Azov dənizi ilə birləşdirilməsi, şimal çaylarının Xəzərə axıdılması kimi nəhəng layihələr tərtib edilir ki, suyun səviyyəsi sabit qalsın. Hər il Xəzərdən Qaraboğazgöl körfəzinə milyon kubmetrlərcə su daxil olur. Həmin su buxarlanmır, geri qayıtmır. Qarşısını almaq, dənizin buxarlanmasının azalması məqsədilə Qaraboğazgölə nəhəng bənd çəkdilər.
Məlum oldu ki, bu da nəticə vermədi. Amma proses mürəkkəb, dəyişkən olduğu və güclənməsi üçün kompleks tədqiqatlar gərəklidir. Məsələn, Xəzərətrafı ekosistemlər var.
Onlar Xəzərin səviyyəsi qalxanda formalaşıb. Məsələn, quşların bala çıxartması, inkişafı, biomüxtəliflik üçün qamışlıqlar ekosistemlərdir. Səviyyə düşür, hamısı məhv olur. Xəzər hövzəsinə gələn quşların miqdarı xeyli azalıb. Bu yaxınlarda Qızılağac körfəzində, Şirvan Milli Parkında idim. Orada ən böyük narazılığın köçəri quşların çoxunun qayıtmaması oldu.
Quşların yaşayış mühiti dəniz səviyyəsinin enməsi ilə pozulub. Bundan başqa, Xəzər sahilində infrastruktur layihələr həyata keçirdik. Ələt qəsəbəsində hava limanının salınmasına xeyli vəsait ayrılıb. Amma orada gəmilərin yer alması üçün dəniz dibinin dərinləşdirilməsi əlavə xərclər tələb edir. Yəni hər biri həm iqtisadi, həm də ekoloji cəhətdən səviyyənin aşağı düşməsinin yaratdığı ekoloji problemlərdir. Aradan qaldırılması hazırda mükünsüzdür.
Sadəcə Xəzərin səviyyə tərəddüdlərinə uyğunlaşmalıyıq. Ehtimalları daim nəzərə almalıyıq. Lakin son illər qlobal istiləşmə insanların həyəcanına səbəb olur. Narahatlığa lüzum yoxdur. Çünki təbii proseslərdir, antropogen təsirlər onu sürətləndirə bilir. Ona görə də Xəzər dənizində gedən proseslərə müdaxilə çətindir".