Konkret görülən işlərlə bağlı ortaya nəticə çıxarılmalıdır
"Ayda bir dəfə daxil və həll olan şikayətlərlə bağlı hesabat verilməsi arzuolunandır"
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qeyd olunur ki, Mərkəzdə vətəndaşların qəbulunu nazirliklə yanaşı, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Energetika, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məsul əməkdaşları reallaşdırırlar.
Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.
Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslərin qəbul üçün xüsusi otaqları, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir.
Həmçinin Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara dəstək verəcək.
Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılacaq.
Millət vəkili Razi Nurullayev "Şərq"ə açıqlamasında bildirib ki, vətəndaşların şikayətlərinin qəbul edilməsi, dəyərləndirilməsi, həlli yollarının göstərilməsi ilə bağlı ciddi problemlər mövcuddur:
"Müraciət edən insanların bir çoxunun şikayət etdikləri məsələlərlə bağlı lazımi addımlar atılmalıdır. Lakin bəzən vətəndaş məmurun qəbuluna düşə bilmir. Yaxud da şikayət məktubunu aidiyyəti üzrə bir qurum başqasına, o da digərinə yönəldir. Beləliklə, məktub bir neçə idarə arasında dövr edərək, bumeranq kimi həll olunmamış vəziyyətdə, yenidən vətəndaşa qayıdır. Bu, on minlərlə insanın başına gələn bir hadisədir. Nəticə etibarilə hamı narazı qalır. Çünki problemlər aradan qaldırılmadığı müddətcə üst-üstə toplanır. Köhnə məsələlərin də üzərinə yeniləri gəldikdə artıq sosial narazılıqlar pik həddə çatır. Ona görə də problemlərə zamanında çarə qılınmalıdır. Müvafiq orqanlar məsuliyyəti üzərlərindən atmamalıdır. Vətəndaşın bir məsələsinə aydınlıq gətirmək onun növbəti müraciəti ünvanlamasına yol açacaq düşüncəsi dövlət əxlaqına uyğun yanaşma deyil. Hazırda dövlət idarələrinin qəbullarla bağlı bir çox yeni metodları, vasitələri yaradılır. Alqışlayıram. Əlbəttə, vətəndaşları qəbul edib, dinləmək lazımdır.
Amma konkret olaraq, ortaya nəticə qoyulmalıdır. Ayda bir dəfə daxil və həll olan şikayətlərlə bağlı hesabat verilməsi arzuolunandır. Bəzən 10 min şikayət məktubunun 3 mininin qaydaya salınması barədə açıqlama verilir. Araşdırma zamanı məlum olur ki, onun 500-ü tam müsbət həll edilməyib.
Hamısı yarımçıqdır. Düzgün statistika verilməlidir. Başımızın altına yastıq qoyurlar, amma sosial narazılığı azalda bilmirlər. Cənab Prezidentin göstərişi ilə dövlət idarələrinin məsul əməkdaşları rayonlara təhkim olunub. Qəbul edilən şikayətçilərin 40 nəfərindən təxminən 30-nun problemi yerində həll oluna bilir. Əgər bir nazir, onun müavini, yaxud komitə sədri problemlərin 90 faizini yerindəcə qaydasına sala bilirsə, deməli, məsələ məmurun can yandırmasında, laqeydliyindədir.
Ona görə də ciddi müzakirələr aparılmalıdır. Məmurlar vətəndaşların şikayətlərinə qarşı daha həssaslıq göstərməli və cavabdehlik daşımalıdırlar".