Metrodakı baltalı adam polis nəzarətində olacaq


Xuliqanlıq edən şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, yaxud da cərimə olunacaq

  Metroda balta ilə sərnişinləri hədələyən şəxs həbs edilib. DİN Mətbuat Xidmətinin məlumatında bildirilir ki, “Tik-Tok” sosial şəbəkəsində videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilib və o, saxlanılıb. İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir. Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.

  Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, konkret bu əməldə cinayət tərkibi olmadığı üçün şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 

- Balta soyuq silahdır. Soyuq silahla konkret  cinayət əməli törədildikdə AR CM-nin uyğun maddələriylə cinayət işi açılır. Bu şəxsin hərəkətində isə cinayət əməli yoxdur. Burada təhdid var. Amma təhdidin də konkret ünvanı yoxdur. Təhdid də real olmaldıır, kiməsə qarşı yönəlmiş olmalıdır ki, şəxs barəsində cinayət işi açılsın. Kiminsə əlində silah tutub “öldürəcəyəm, kəsəcəyəm” deməsi, kimisə öldürməsi anlamına gəlmir. Bu, sadəcə, xırda xuliqanlıq əməlidir. Buna görə həmin şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, yaxud da cərimə olunacaq. Polis tərəfindən ona xəbərdarlıq ediləcək, polisin diqqətində, nəzarəti altında olacaq. 
  A.Məmmədov sosial şəbəkələrin yersiz, mənasız, bəzən təhlükəli əyləncə müstəvisinə çevrilməsindən təəssüfləndiyini də bildirdi.