Çatdırılma şirkətləri adından vətəndaşlara saxta mesajlar göndərilir.
Xəzər TV bildirir ki, son zamanlar bu kimi dələduzluq halları artıb.
Daşınma şirkətlərindən birindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşa hər hansı şübhəli mesaj göndərilərsə, həmin şəxs sifarişi etdiyi mərkəz ilə əlaqə saxlamalıdır. Çatdırılma şirkətlərindən isə o da qeyd edildi ki, onlayn ödənişlər yalnız sifarişin yaradılması zamanı həyata keçirilir.
Saxta mesajlarda göndərilən linkə daxil olduqda isə vətəndaşların məlumatları ələ keçirilir.
Daxili İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, sifariş gözləyən hər bir vətəndaş diqqətli olmalıdır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, son dövrlərdə dələduzlar çirkin əməllərini həyata keçirtmək üçün müxtəlif fərqli metodlardan istifadə edilər:
“Bunlardan biridə son günlər çatdırılma şirkətləri adından göndərilən saxta mesajların yayılmasıdır ki, bu çox ciddi problemə çevrilib. Bu tip mesajlar vətəndaşlardan şəxsi məlumatlar, ödənişlər və ya kart məlumatları tələb edərək fırıldaqçılıq məqsədi güdür. Lakin belə hallarla qarşılaşdıqda vətəndaşlar bir neçə üsullarla özlərini qoruya bilərlər. Birinci, mesajın mənbəyini dəqiqləşdirsinlər. Çünki rəsmi çatdırılma şirkətləri adətən yalnız öz tətbiqləri və ya təsdiqlənmiş e-poçt ünvanlarından mesaj göndərir bəzi hallarda isə özlərinə aid rəsmi sosial platformadan istifadə edirlər. Vətəndaşlar şübhəli sms və ya e-poçt aldıqda, həmin şirkətin rəsmi veb saytını və ya qaynar xəttini istifadə edərək məlumatın doğruluğunu yoxlaya bilərlər. İkinci, mesajın tərtibatına diqqət yetirsinlər. Saxta mesajlar çox vaxt dil qaydalarına uyğun olmayan ifadələr, qrammatik səhvlər və təcili ödəniş və ya hərəkət tələb edən çağırışlar ilə diqqət çəkir. Bu tip təzyiq xarakterli mesajlara inanmaq olmaz. Üçüncü, keçidləri açmazdan əvvəl yoxlanılmalıdır. Saxta mesajlarda rəsmi saytlara oxşar, amma fərqli domenlərdən istifadə edilir. Keçidin üzərinə gəlməklə və ya tam URL-i diqqətlə yoxlamaqla saxta olub-olmadığını müəyyən edə bilərlər. Dördüncü, vətəndaşlar şəxsi məlumatlarını paylaşmamalıdırlar. Heç bir halda sms, zəng və ya e-poçt vasitəsilə şəxsi və ya maliyyə məlumatlarınızı paylaşmasınlar. Çatdırılma şirkətləri bu cür məlumat tələb etməzlər. Bu və s. bir neçə nümunələr çəkmək mümkündür. Nəticə olaraq, əsas qorunma prinsipi – diqqətli olmaq, tələsik qərarlar verməmək və hər zaman mənbəni yoxlamaq lazımdır”.