Bəzi yeniyetmələr empatiyanı deyil, görüntünü prioritetləşdirməyə başlayırlar
Məktəblərdə zorakı və özbaşına əməllər baş alıb gedir. Problemin qarşısı alınmadıqca, qarşıdakı günlərdə daha ağır fəsadlarla üzə çıxır. Şagirdin digər yoldaşını bıçaqlaması gündəmin prioritetlərindən birinə çevrilib. Telmusda spirt aparıb, məktəb yoldaşının üzərinə tökən uşaqdan danışaq, yoxsa, video və şəkilləri ilə şantaj olunan qızın intihara təşəbbüs etməsindən? Həftə bitməmiş cinayət və zorakı hadisələrinin ardı-arası kəsilmir. Mayın 11-də daha bir məktəbdə gənc qız, qardaşını əlində bıçaq olan şagirddən qorumaq istəyərkən, yaralanıb. Yeniyetmələr zorakı davranışlara görə sanki bir-biri ilə yarışa giriblər. Təzəliycə, sosial platfotmalarda, 271 nömrəli məktəbin 9-cu sinif şagirdinin amansızcasına məktəb yoldaşını döydüyü kadrlar ortaya çıxdı. Zorakılıq edən uşaq, törətdiyi əməli digər yoldaşlarına videoya çəkməyi tapşırıb. Həmin yeniyetmənin anası, 2025-ci ildə məktəbdə oğlunun bıçaqlandığını bildirib. Onun sözlərinə görə oğlunu bu səviyyəyə çatdıran qarşı tərəfdir. Dəhşətlisi isə odur ki, hər iki tərəfin valideynləri günahı bir-birinin üzərinə ataraq, övladlarını aydınlığa çıxarmağa çalışırlar.
Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov Sherg.az-a bildirib ki, məktəblərdə yeniyetmələr arasında aqressiv davranışların, zorakılıq hallarının və bunu nümayiş etdirmək ehtiyacının artması cəmiyyət üçün ciddi psixoloji siqnaldır: 
“Burada məsələ təkcə bir məktəb və ya bir yeniyetmə problemi deyil. Bu artıq ailə, məktəb, sosial media və ümumi sosial mühitin birlikdə yaratdığı mürəkkəb psixoloji mənzərədir. Yeniyetməlik dövrü emosional impulsların yüksək olduğu, şəxsiyyətin formalaşdığı və sosial qəbul ehtiyacının ən həssas mərhələlərindən biridir. Əgər uşaq sağlam emosional münasibət, diqqət, sərhəd və nəzarət görmürsə, aqressiya bəzən onun “özünü sübut etmə” üsuluna çevrilir. Xüsusilə son illərdə bəzi yeniyetmələrdə güc nümayiş etdirmək, qorxu yaratmaq və dominant görünmək sosial status vasitəsi kimi qəbul olunmağa başlayıb”.
Psixoloqun sözlərinə görə uşaqların aqressiv hərəkətlərinin əsas səbəbi sosial mediadır:
“Əvvəllər zorakılıq edən şəxs hadisəni gizlətməyə çalışırdısa, indi onu videoya çəkib paylaşmaq ehtiyacı yaranır. Bunun arxasında diqqət toplamaq, “tanınmaq”, virtual təsdiq almaq və emosional həssaslığın zəifləməsi dayanır. İnsan beyni yeniyetməlik dövründə sosial reaksiyalara çox həssasdır. Baxış sayı, paylaşım və reaksiyalar uşaqlarda süni “əhəmiyyət hissi” yaradır. Təəssüf ki, bəzi yeniyetmələr empatiyanı deyil, görüntünü prioritetləşdirməyə başlayırlar. Digər vacib məqam isə zorakılığa qarşı münasibətin ailə daxilində yanlış formalaşdırılmasıdır. Uşaq etdiyi davranışa görə məsuliyyət hiss etmirsə, əksinə müdafiə olunursa, onda davranış korreksiyası baş vermir”.
E.Rüstəmov qeyd edib ki, valideyn sevgisi ilə davranışın ört-basdır edilməsi fərqli məsələlərdir:
“Uşağı qorumaq lazımdır. Ancaq onun yanlış davranışını normallaşdırmaq gələcəkdə daha ağır psixoloji və sosial nəticələr yarada bilər. Məktəb təhlükəsiz psixoloji mühit olmalıdır. Bunun üçün yalnız cəza mexanizmi kifayət etmir. Məktəblərdə psixoloji xidmət sistemi güclənməli, riskli davranış göstərən uşaqlar erkən mərhələdə müəyyən edilməli, emosional idarəetmə, konflikt həlli və rəqəmsal davranış mədəniyyəti ilə bağlı proqramlar tətbiq olunmalıdır. Biz artıq yeni bir reallıqla qarşı-qarşıyayıq. Bugünkü yeniyetmə həm real, həm də virtual mühitdə yaşayır”.
Psixoloqun fikrincə, uşaqların psixoloji inkişafına yalnız akademik nəticələr prizmasından baxmaq olmaz:
“Onların emosional vəziyyəti, sosial münasibətləri, aqressiya səviyyəsi və rəqəmsal davranışları da daimi diqqətdə saxlanılmalıdır. Cəmiyyət olaraq bir mühüm məqamı anlamalıyıq. Aqressiv yeniyetmə bir gündə formalaşmır. Bu davranış uzun müddət görünməyən emosional problemlərin, nəzarətsiz rəqəmsal təsirlərin və sevgini yanlış ifadə edən mühitin nəticəsinə əsasən ortaya çıxır”.