16 may 2026-cı il tarixində Əsgər Ailələri Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi jurnalist Roza Əliqızı Veteran Qadınlar Birliyinin ofisində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilən “Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirdi.
QHT.az xəbər verir ki, tədbir şəhid sevgililərinin və nişanlılarının sədaqətinə, vəfasına, milli-mənəvi dəyərlərimizi yaşadan məğrur Azərbaycan xanımlarına həsr olunmuşdu.
Tədbirdə müharibə veteranları, qazilər və qonaqlar iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Roza Əliqızı tədbirin məqsədi barədə çıxış etdi:
"Hörmətli iştirakçılar, bu gün biz burada təkcə bir mövzudan deyil, Vətən uğrunda canından keçmiş igidlərimizin arxasında qalan, lakin onların xatirəsini, sevgisini və mənəvi irsini ömrü boyu uca tutan Azərbaycan qadınından bəhs edirik.
Şəhidlik Vətən yolunda can verməkdirsə, şəhidə sədaqətlə yaşamaq da eyni dərəcədə yüksək mənəvi dəyər daşıyan bir qəhrəmanlıq nümunəsidir. Biz adətən və haqlı olaraq şəhidlərimizin döyüş meydanındakı igidliyindən danışırıq. Lakin onların arxasında qalan, yarımçıq qalmış arzularını qəlbində yaşadan, toy libasını yas libası ilə əvəz edən, “yarım qaldı” deyərək sevgisini ömrü boyu ürəyində daşıyan xanımlarımız da bu xalqın mənəvi gücünü təşkil edir.
Hüseyn Nəcəfzadə, Turan Məhərrəmov, Vəli Mustafayev, Mehman Musayev kimi Vətən oğullarının nişanlılarının nümayiş etdirdiyi sədaqət yalnız fərdi bir hiss deyil, eyni zamanda milli-mənəvi dəyər və örnəkdir. Bu, Azərbaycan qadınının sevgiyə, əmanətə və şəhid adına verdiyi yüksək ehtiramın təzahürüdür.
Turan Məhərrəmovun nişanlısının öz həyatını həmin müqəddəs ada bağlayaraq şəhidin ailəsi ilə birgə, qayğı və sədaqət içində yaşaması ömürlük vəfanın bariz nümunəsidir. Bu addım cəmiyyətə göstərir ki, sevgi yalnız toyla deyil, sədaqətlə tamamlanır. Bəzən fiziki yoxluq insanı həyatdan aparsa da, ona olan mənəvi bağlılıq ömür boyu davam edir.
Belə xanımlar milli kimliyimizin görünməyən, lakin ən dəyərli qəhrəmanlarıdır. Onlar sədaqətin, vəfanın və mənəvi bütövlüyün canlı təcəssümüdürlər. Gənc nəslə örnək göstərirlər ki, sevgi yalnız xoş günləri bölüşmək deyil, eyni zamanda çətinlikdə, itkidə və yoxluqda da o bağlılığı qoruyub saxlamaqdır.
Bu xanımların cəmiyyət tərəfindən tanıdılması və dəyərləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tanınmalı olan təkcə məşhurluq deyil, dəyərdir; tanınmalı olan sədaqətdir; tanınmalı olan Vətənə, şəhid adına və sevgiyə hörmətdir.
Bu gün biz onların timsalında Azərbaycan qadınının mənəvi ucalığını, dözümünü və sədaqətini aydın şəkildə görürük. Onlar yas içində belə mənəvi dəyərlərini qoruyan, şəhid əmanətinə sahib çıxan uca ruhlu xanımlardır.
Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların əmanətlərinə sahib çıxan sədaqətli xanımların qarşısında dərin ehtiramla baş əyirik.
Çünki bəzən qəhrəmanlıq döyüş meydanında şəhid olmaqdır, bəzən isə o şəhidin xatirəsinə ömür boyu sadiq qalmaqdır.
Var olsun Vətən uğrunda canından keçənlər, var olsun onları sevgisi və sədaqəti ilə yaşadan Azərbaycan qadını".