"Vəkillər həm də gözəl natiq olmalıdır"

Adəm Məmmədovun Azərbaycan Yazıçılar Birliyinə üzv olması 5 ay çəkib

"Bədii əsər yazmaq mənim üçün o qədər də çətin deyil. Yazıçıların əsərləri çox zaman təxəyyülün məhsulu olursa, vəkil kimi mənim əsərlərim real həyat hadisələrinə əsaslanır"

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Vəkilə üzvlük vəsiqəsini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib. Qeyd edilir ki, Adəm Məmmədov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ədliyyə kapitanıdır. 

Tanınmış vəkil bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində və magistr dərəcəsi üzrə Rusiya Xalqlar Dostluğu Universitetində təhsil alıb. Adəm Məmmədov, həmçinin telejurnalist kimi də tanınır. Uzun illər “Lider” televiziyasında “Hüquq və ədalət”, “İnsan və qanun” verilişlərinin aparıcısı olub. O, oxucular tərəfindən böyük maraqla qarşılanan “Qətlin sonu” detektiv-triller romanın müəllifidir. Yazıçının hazırda “Oğurlanmış adam” romanı çapa hazırlanır.

  AYB-yə üzv seçilməsiylə bağlı “Şərq”ə danışan vəkil qeyd etdi ki, belə bir təşkilata üzv olmaq məsuliyyət hissini artırır: 

- Bir təşkilata, birliyə üzv olduqda insanın məsuliyyəti daha da artır. Özünü təsdiqləməyə, doğrultmağa çalışırsan. Hesab edirəm ki, AYB-yə üzv olmaq yaradıcılıq sahəsində mənə stimul verəcək. 

  A.Məmmədovun AYB-yə üzvlük üçün ümumi əsaslarla müraciət etdiyini, üzvlüklə bağlı zəmanət məktubunun tanınmış yazarlar Gülhüseyn Kazımov, Kənan Hacı və Qurban Bayramov tərəfindən imzalandığını bildirdi: 

- Kitablarımı oxumuşdular, zəmanət məktubunda əsərlərim haqqında rəy yazılmışdı, məqalələrim təqdim edilmişdi. Komissiya da araşdırıb və mənim AYB-yə üzv olmağım təsdiqlənib. 31 yanvar tarixində müraciət edilmişdi, proses təxminən 5 ay çəkdi. 

  A.Məmmədov qeyd etdi ki, vəkillər də yaradıcı şəxslərdir: 

- Vəkil müdafiə çıxışını inandırıcı tərtib etməlidir, məhkəməni inandırmağı bacarmalıdır. Roma imperiyası dövründən vəkillər həm də gözəl natiqlər hesab edilirdi. Çünki nitqləri bəlağətli, inandırıcı olurdu. Vəkil müdafiə çıxışını sözlər, ifadələr üzərində qurur. Bu mənada vəkillər də söz adamlarıdır. 

Ona görə də bədii əsər yazmaq mənim üçün o qədər də çətin deyil. Yazıçıların əsərləri çox zaman  təxəyyülün məhsulu olursa, vəkil kimi mənim əsərlərim real həyat hadisələrinə əsaslanır.