Sağlam və kəsimə yararlı olmalıdır

Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır

  Azərbaycanda Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında deyilir. Fətvada qeyd edilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq hicri təqvimiylə Zül-hiccə ayının 10-u – Qurban bayramı miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

 Şəriətə uyğun olaraq qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. Fətvada həmçinin bildirilir ki, bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır. Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha – Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırır. 

 Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır: “Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs "Qurani-Kərim"də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. 

Ona çatan yalnız sizin təqvanızdır (Həcc; 37)”.  Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. 

Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. 

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır.

 Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.