Sosioloq:“Corcu evlə təmin etməsində qeyri-adi durum yoxdur”




Dövlət Roza Zərgərlinin oğlu Corc Qafarovu evlə təmin edib.Bu barədə aktyor özü sosial şəbəkədə paylaşıb:
"Cənab Prezident İlham Əliyevin verdiyi sərəncamla mənzillə təmin olundum . Buna görə dövlət başçımıza sonsuz təşəkkürümü bildirirəm". O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təqdim etdiyi sənədin fotosunu yayımlayıb. Qeyd edək ki, Corc və qardaşı Jerar anasını itirdikdən sonra 2 saylı uşaq evində qalıb. 
Daha sonra müğənni R.Zərgərli onları övladlığa götürüb. Müğənninin oğluna ev verilməsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Şəhid və qazi ailələrinin əvəzinə Corcun mənzillə təmin edilməsi insanlarda aqresiyyaya, ironiyaya səbəb olub.

                                                  
Məsələ barədə fikirlərini "Sherg.az"a bölüşən sosioloq Lalə Mehralı bildirib ki, həmin gənc yaradıcı insan, aktyordur:

"Üstəlik internat evində böyüyüb. Roza Zərgərli onu rəsmi şəkildə övladlığa götürməyib, sadəcə himayə edir. Ona görə də dövlətin Corcu evlə təmin etməsində qeyri-adi durum yoxdur, olduqca normaldır. İndiyə qədər təxminən 400-dən çox internat evində böyüyən uşaqlara mənzil verilib. Bu məsələdə onu kimin övladlığa götürməsi, himayədarlıq etməsi rol oynamalı deyil. O, ehtiyac içində internatda böyüyüb və olduqca çətin həyat yaşayıb. Bir insan haqqında hökm verməzdən əvvəl onun yaşadığı həyatı öyrənmək lazımdır. Şəhid və qazi ailələri üçün kütləvi şəkildə hansısa bina, şəhərcik inşa edilir. Bir dəfəyə 40-50 ailə evlə təmin olunma mərasimi keçirilir. Məsələn, min qazi, şəhid ailəsindən birinə ev verilsə, bu, böyük narazılıq doğurar. Çünki onları bir-birindən seçmək olmaz. 

Hər biri eyni statusu daşıyır. Bir şəhid, qazi ailəsinə mənzil verməklə sosial narazılığı gücləndirməyə gərək yox idi. İnternat evində böyüyən uşaqlar da bu dövlətin vətəndaşıdır. 

Ona görə onların sosial rifahına xidmət etmək dövlətin borcudur. İnsanlar sevinməli, təqdir etməlidirlər ki, bir yetimin evi oldu. Anası kim olur, olsun. R. Zərgərli mənfi imicə sahib bir adam deyil. İndiyə kimi çoxsaylı uşaq himayə edib. 

Bu, R.Zərgərlinin övladlığa götürdüyü birinci və sonuncu uşaq deyil. Hətta səhv etmirəmsə, himayə etdiyi bir qız övladı müğənninin evindən soyğunçuluğa bənzər hadisə də törətdi. Sonra həmin qızı bağışladı, polisə də şikayət etmədi. O, böyük ürəyə sahib bir insandır. Bəlkə də müğənni, kənardan gəliri olduğuna görə, insanlarda qıcıq yaradır".