Müsəlman dünyasının müqəddəs günlərindən biri də Qurban bayramıdır. Qurbanlıq üçün qoyun, quzular kəsilir, kasıb ailələrə paylanılır. İnsanlar əməli-saleh işlərlə məşğul olur. Bayram namazı qılınır. Bu bayramda imkanlı şəxslər yoxsullara əl tutaraq, onların qəlbində sevinc hissi yaradırlar. Lakin təəssüfedici məqamlar da var. Bayramdan sonra kəsilən heyvanların qanı, içalatının qoxusu ətrafı bürüyür. Doğrudur, Azərbaycan Qida Təhlüksəzliyi Agentliyi (AQTA) bayram ərəfəsində sanitar-gigiyena qaydaları ilə bağlı monitorinqlər təşkil edir. Amma bəzən kənar yaşayış əraziləri kimi məkanlarda qurban içalatlarını zibil qutularına atırlar. Nəticədə arzuolunmaz qoxu sakinləri, həmin sahədən keçən insanları narahat edir. Hər il bu xoşagəlməz mənzərənin şahidi oluruq.
İlahiyyatçı-alim Elşad Miri "Sherg.az"a bildirib ki, qurban kəsimi tamamilə ibadətə layiq şəkildə həyata keçirilməlidir:
"Proses zamanı təbii ki, ən başlıca rol oynayan məsələlərdən biri natəmizliyə yol verilməməsidir. Çünki təmizlik islamın əsas atributlarından biridir.
Ona görə də ilk növbədə, heyvan kəsilməmişdən əvvəl içalatının hara qoyulacağı kimi məsələlər hər biri nəzərə alınmalıdır.
İbadəti planlaşdıraraq, reallaşdırmaq lazımdır ki, yardımlaşma daha gözəl şəkildə baş tutsun. Həmçinin heç kimi narahat etmədən layiqi ilə gerçəkləşdirmək gərəklidir. Əks təqdirdə ibadətə kölgə düşürmüş olarıq".