Psixoloq:“İntihar anında peşmanlıq keçirirlər, lakin...”

“Kimisi özünü atdığı 17-ci mərtəbənin 15-ci mərtəbəsində, kimisi isə ayaqları stola çatmayanda... Bəziləri fərqinə varanda isə sağ qalma ehtimallarının olmadığını anlayaraq intihardan çox həyəcandan dünyalarını dəyişirlər” 


“Bezmişəm, yorulmuşam, tükənmişəm”, “Yaşamağa dəyməz…”.  Bəzən sosial şəbəkələrdə belə status yazan şəxslərlə qarşılaşırıq. Mütəxəssislərin fikrincə, bu intihara meylin ilkin mərhələsində müşahidə edilir. Psixologiyası zərər görən insanlar çıxış yolunu yanlış da olsa, intiharda görürlər. Son günlər cəmiyyətdə intihar hallarının sayı yenidən artıb.

Xırdalan şəhəri, Mədəniyyət Evinin yaxınlığındakı parkda 1985-ci il təvəllüdlü Vəli Əliyev parkda canına qəsd edib. Goranboyda da müəmmalı intihar hadisəsi yaşanıb. Kənd sakini 35 yaşlı Aynur Nəsibova, iki uşaq anası özünü asıb.

Faktlar da onu göstərir ki, intihar halları artır. Səbəbləri isə psixoloq Əfsanə Rüstəmova “Sherg.az”a açıqlayıb. O bildirib ki, insanlar mövcud çətinliyin heç vaxt bitməyəcəyi əndişəsi ilə intiharı köklü çarə kimi görürlər:

"Ruhsal dinamika sabit deyil və təsirlənəndir.Əslində, hər şeyin yolunda getməsi və heç nəyin yolunda getməməsi insan üçün eyni qapını açırsa, yəni intiharla nəticələnirsə, deməli ortada doğru olmayan nələrsə var. Ölmək - var olanı bitirmək deyil, bütünlüklə sonlandırmaqdır. Lakin insanlar fərqinə gec varır. İntihar cəhdi ölümlə nəticələnməyən hər kəsdən bu etirafı eşidə bilərsiniz. Hamı son anda peşmanlıq keçirir; kimisi özünü atdığı 17-ci mərtəbənin 15-ci mərtəbəsində, kimisi isə ayaqları stola çatmayanda... Bəziləri fərqinə varanda isə sağ qalma ehtimallarının olmadığını anlayaraq intihardan çox həyəcandan dünyalarını dəyişirlər. 

Psixoloqun qənaətincə, bəzən elə çətinliklər yaşanır ki, insan özündə onunla baş edəcək güc tapmır:

"Problem müəyyən bir çətinlikdə intiharın bir seçim-çarə kimi ağla gəlməsindədir. İnsanlar həyatlarında hər şeyi “stok” etdikləri kimi çarələri də “stoklamalıdırlar”.

Analoji bir çarəni də mən sizə xatırladım: Sonraya saxlamaq. Qərar verməkdə çətinlik çəkdiyimiz, həlli mümkünsüz kimi görünən, çıxılmaz bir vəziyyətdə olduğumuzu hiss edəndə bu vəziyyəti ön planda saxlamaqla əksinə çarədən uzaqlaşırıq. 
Özümüzdə belə “təxirəsalma vərdişlərini” yarada bilsək, hər çətinlikdən qalib çıxarıq. Yetər ki, həyat bizə yaşamaq üçün möhlət versin".