"Övladı ölən qadınların bağçada işə götürülməməsi isə çox qəddar bir yanaşma olardı"
Psixoloq isə hesab edir ki, övladını itirmiş və yaxud boşanmış qadın daha güclü tərbiyə keyfiyyətlərinə malikdir
“Boşanmış, övladı vəfat etmiş şəxsləri bu vəzifəyə, ümumiyyətlə işə cəlb etmək olmaz. Uşaq bağçalarında bəzən aqressiv halların da şahidi oluruq. Onlar feyskontroldan keçirilməlidirlər. Uşaq bağçalarına müəllimləri yalnız bu prosesdən sonra cəlb etməliyik”. Bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Üstəlik, əlavə edib ki, “bağça rəhbərləri, orada çalışan təlim-tərbiyəçilərin mütləq şəkildə xarici görünüşü də yoxlanılmalı, xarici görünüşləri vahiməli olmamalıdır.
Ekspertin sözügedən açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusən də qadınlar belə bir təklifin reallaşmasını insan hüquqlarına zidd kimi dəyərləndirib. Ekspertlər də hesab edir ki, insanları işə götürərkən xarici görkəminə, boşanmış olmasına, övladını itirməsinə fikir verilməsi cəmiyyətdə çox böyük diskriminasiya yaradır.
Sosioloq Lalə Mehralının “Şərq”ə açıqlamasına görə, Kamran müəllimin dediklərində müəyyən qədər həqiqət payı var. Sadəcə, təklif etdiyi məsələ çox radikal bir yanaşmadır. Bu, elə bir məsələdir ki, birmənalı rəy bildirmək olmur:
"Uşaq bağçalarına işə qəbul prosesinin mərkəzləşdirilmiş test üsulu və müsahibə yolu ilə keçirilməsi kifayət qədər əhəmiyyətli addım olar. Bilirsiniz, aqresiyya individualdır və baş vermə səbəbləri fərddən fərdə dəyişə bilir. Ailəsi olan o qədər qadınlar var ki, aqressiyasını evdəkilərə yox, məktəbdə şagirdlərin üzərinə boşaldır. Övladı ölən qadınların bağçada işə götürülməməsi isə çox qəddar bir yanaşma olardı. İnsanın başına hər şey gələ bilər.
Övladını itirən ana başqalarının övladına ziyan verə bilər deyə düşünmək doğru yanaşma deyil. Əksinə, düşünürəm o qadın uşaqların əhatəsində olduqca dərdini unudub övladına verə bilmədiyi qayğını, sevgini onlara verə bilər. İstisna ola bilər, amma çox az faizlə. Buna görə, filan kateqoriyaya aid olan qadınlar bağçalara işə götürülməsin demək olmaz. Bağçalara işə qəbul zaman fərdi müsahibələr götürülməlidir ki, namizədlərin psixoloji vəziyyəti analiz edilsin. Ancaq bu yolla bağçalarda baş verən aqressiv davranışların, uşaq zorakılıqlarının qarşısını almaq olar".
Psixoloq Gülnar Orucova isə təhsil eksperti ilə qətiyyən razılaşmadığını deyib. Onun sözlərinə görə, hər bir insanda empati hissi olur. Övladını itirmiş insan daha çox övlad qədri bilir, nəinki universiteti yenicə bitirib gəlmiş gəncdə. Çünki yenicə məzun olmuş gəncdə övlad sevgisi olmur, və yaxud az olur:
"Əksinə, övlad sevgisi olmayan təcrübəsiz gəncin işə qəbul olunması daha çox risk yaradır. O ki qaldı boşanmış qadın məsələsinə, onu deyə bilərəm ki, boşanmaq özü də bir mədəniyyətdir. Çünki qadın və ailənin digər üzvləri davamlı şiddət görür. Bu şiddət isə uşaqlarda bir çox hallarda ömürlük psixoloji travma yaradır. Bəzi qadınlar boşanmaqla ən azından uşaqlarını ömürlük travmadan xilas edir”.
Psixoloq hesab edir ki, övladını itirmiş və yaxud boşanmış qadın daha güclü tərbiyə keyfiyyətlərinə malikdir.
“Çünki onun acı da olsa həyat təcrübəsi var. Atasız uşaq böyüdən qadın uşaq üçün sevgi qıtlığının nə demək olduğunu çox gözəl bilir. Ona görə də övladını itirmiş və yaxud dul qadının işə qəbul olunmaması çağırışı kökündən səhvdir”.