“İnstitut yaratdım, aşağı səviyyəli adamlar onu bağlatdırdılar”


Azərbaycanda 2 yeni tədqiqat universiteti yaradılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb. Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Təhsil Nazirliyinə göstəriş verilib.

Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, 10 ildir, elmi-tədqiqat mərkəzlərinin, institutlarının yaranmasının vacibliyindən danışır:

"Hazırda cəmiyyət gündən-günə mürəkkəbləşir, həssaslaşır. 200 ildən artıqdır ki, yer üzündə, xüsusilə də Avropada bəşəriyyəti idarə etməklə bağlı xeyli elmi metodlar, nəzəriyyələr formalaşıb. O sahənin beynəlxalq səviyyədə tanınan nümayəndələrindən biri də mənəm. 1992-ci ildə Milli Məclisin tərkibində belə bir institut yaratdım. Lakin aşağı səviyyəli adamlar onu bağlatdırdılar. Bu zərurət ölkəmizə müstəqillik qazandığımız ilk günlərdən lazım idi. Analoji tədqiqat universitetlərinin yaradılması çox təqdirəlayiq hadisədir və günün tələbidir. Tədqiqat obyektləri olmadan mümkün deyil. Elmi araşdırmalarsız, bu toplumda heç bir fəaliyyəti səmərəli şəkildə etmək imkansızdır. Ona görə də atılan addımı alqışlayır və çox böyük ümid bəsləyirəm".