“Digər məmurlar Vilyam Hacıyevin həbsindən dərs götürməlidir”


İmişli Rayon İcra Hakimiyyətinin ( RİH ) sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror V.Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə həbs olunub.

Hadisə ilə bağlı "Sherg.az"a danışan Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, məmurun cəzalandırılması ölkə prezidentinin apardığı islahatların nəticəsidir:

"Məmurlara dəfələrlə xəbərdarlıq ünvanlanır. Düzgün, şəffaf işləməkləri tələb olunur. Təəssüf , bir çox məmur tövsiyələrə əməl etmir, başqa yol seçir. Ölkə prezidentinin təbirincə desəm, Azərbaycanda yeganə istiqamət inkişaf yoludur. Prezidentin siyasətinin mərkəzində də vətəndaşların rifahı dayanır. 

Ölkə rəhbərinin məsləhətlərinə, qanunların aliliyinə əməl etməyən məmurlar cəzalandırılır. Vətəndaş cəmiyyəti olaraq kiminsə cəza almasını istəmirik. İstəyirik elə bir idarəetmə sistemi qurulsun ki, cəzalandırılmağa ehtiyac duyulmasın. 

Digər məmurlar Vilyam Hacıyevin həbsindən dərs almalıdır. Əyani görünən hadisələrdən nəticə çıxarmalıdılar. 

Dövlət başçısının islahatları dəstəklənməlidir, hamı Azərbaycanın inkişafı yolunu seçməlidir".