İntiharların kökü kəsilməlidir!

Ləman Ələşrəfqızı:“ Düşünürəm ki, dövlət funksionerlər öz vəzifə borclarını dərk etdikləri halda probemlər də azalacaq”

Aygün Muradxanlı:“Qazilərin psixoloji reabilitasiyaları ilə də bağlı hökumət məşğul olmalıdır. Qazilər üçün ortaq cəmiyyətlər yaradılmalıdır”

Sevinc Fədai: “İdeloji boşluğu doldurmağa, bu sahədə ciddi və sistemli şəkildə çalışmalara ehtiyac var. Burada hökumətlə yanaşı, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, media orqanları da rol almalıdır”

Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib. Rayon sakini İlqar Vəliyev bu gün səhər saatlarında özünü yandırmağa çalışıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı məlumat verib. Onun sözlərinə görə, intihara təşəbbüs bu gün səhər saat 8 radələrində baş verib:
"Polis əməkdaşları cəhdin qarşısını alıb".

Bunun üzücü xəbər olduğunu deyən tanınmış telejurnalist Ləman Ələşrəfqızı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Azərbaycanda intiharlar halları geniş vüsət alıb:

"Medianın İnkişafı Agentliyi mətbuat subyektlərini məsələ ilə bağlı xəbərlərin paylaşılmasında diqqətli olmağa çağırıb. Bu müraciətin jurnalistlərdən əvvəl aidiyyəti dövlət məmurlarına edilməsi daha arzuolunandır. Jurnalist hadisə baş verəndən sonra onu xəbərə çevirib, yayandır. Lakin axı bu suisidlərə yol açan səbəblər var. Məsələn, sonuncu özünü yandıran qazinin intiharından əvvəl etdiyi müraciətə baxıldıqda adamın canına qıymasının nədəni məlum oldu. Səbəb icra başçısının harınlığı, qaziyə hansısa formada yardım etməməsi idi. Problemləri yığılıb, artdı, çıxılmaz vəziyyətdə qaldı və sonda intiharı seçdi. Hər dəfə bənzər hadisələrlə bağlı cinayət işi qaldırılsa da, qeyri-müəyyən bir formada yekunlaşır. Yəni özünü öldürmə həddinə çatdırma maddəsi ilə başladılan cinayət işlərində birmənalı olaraq, günahkar qismində bir kəs cəzalandırılmır. Azərbaycanda xüsusilə suisidlərin artmasına təəssüf edirəm. İntiharların kökü kəsilməlidir. Düzdür, ən inkişaf etmiş ölkələrdə belə özünü öldürmə faktları mövcuddur. Adamlar var, toxluğundan intihar edir. Amma cəmiyyətimizdə bu ehtimal mümkün deyil. Canına qıymaq sıradan bir hadisə sayılmır. Adicə insan mətbəxdə soğan doğrayanda bir anlıq bıçağın qəfil əlini kəsə biləcəyini fikirləşir. Düşünülməsi belə adamın ətini ürpəşdirir. Yəni can o qədər şirin nemətdir ki, bir bıçağın da dərini zədələməsini istəməzsən. Amma o insanlar necə bir psixoloji həddə gəlib çatırlar ki, adam özünə od vurur, boğazına kəndir keçirir. Ona görə də çağırışlar həmkarlarımızdan öncə oturduqları kürsünün, vəzifənin, verilən səlahiyyətin həddini bilməli olan məmurlara edilməlidir. Vətəndaşı dinləməyi, problemini həll etməyi anlamalıdır. Düşünürəm ki, dövlət funksionerlər öz vəzifə borclarını dərk etdikləri halda probemlər də azalacaq. Məsələn, zamanında bir yazım oldu. Yaponiyada "Aokigahara meşəsi” intiharlar meşəsi idi. Kim özünü öldürmək istəyirdi, oraya gedirdi. Deyirdilər ki, hər hansı bir bədii əsərin təsirindən də adamlar öz canına qıya bilirlər. Azərbaycanda isə zənn etmirəm ki, kimsə kitab oxuyub, intihara təşəbbüs göstərsin. Sadəcə məsələ problemlər çoxluğudur. Suisidlərə açılan yolun qarşısı alınmalıdır. Jurnalist yazsa da, yazmasa da, intihar baş verir".

Peşəkar jurnalist Aygün Muradxanlı da diqqətə çatdırıb ki, ölkədə vətəndaşların sosial vəziyyətləri çox aşağıdır:

"Ona  görə ki, məmurlarımız vəzifə səlahiyyətlərini yerinə yetirmirlər. Azərbaycanın qanunvericiliyini uyğun, vətəndaşların sosial-iqtisadi cəhətdən dəstəklənməsi üzrə çox sayda qərarlar qəbul olunur. Amma icra edilmir. Bu sahədə özbaşınalıqlar mövcuddur. Vətəndaşlar öz haqlarını funksioner qapılarında arayıb, süründürməçiliklə qarşılaşırlar. Əslində onların dövlət xidmətçilərinə müraciəti yaşamaq şərtlərini düzəltmək, həyat uğrunda mübarizə aparmaq məqsədi güdür. Amma nəticə görmədikdə əmin olurlar ki, ölkədə vətəndaşın səsini eşidəcək struktur yoxdur. Cəmiyyətin problemləri ilə məşğul olacaq dövlət qurumları sadəcə kimlərinsə özəl müəssisələrinə çevrilib. Özləri üçün qapalı cəmiyyət yaradıblar. Vətəndaş məmurun onunla qayğı ilə maraqlandığını hiss etsə, problemi həll etməyə söz versə, o, intihara əl atmaz. Funksionerlər isə heç bir halda vətəndaşla təmasa girmirlər və sanki bunu əskiklik hesab edirlər. Sadəcə biabırçılıqdır. Həmin o kürsüdə əyləşən vəzifəli şəxslər məmuriyyətin fəlsəfəsində nə dayandığını anlamırlar. Prezident İlham Əliyev də xəbərdarlıq edib ki, məmurlar xalqın xidmətçiləridirlər. Məmur vətəndaşın qulluqçusu deməkdir. Lakin aidiyyəti adamlar özünü kiçik padşah zənn edir, vətəndaşlara isə rəiyyət kimi baxırlar. Azərbaycanda qazilərlə bağlı intihar  halları görürük. Bu, sadə məsələ deyil. Onların özünəqəsd hallarında psixoloji vəziyyətinin önəmli rol oynadığını qəbul edirəm. Amma psixoloji reabilitasiyaları ilə də bağlı hökumət məşğul olmalıdır. Qazilər üçün ortaq cəmiyyətlər yaradılmalıdır. Bir an tək buraxmalı deyillər. Lakin vətən yolunda sağlamlığından keçən insanlar tamamilə diqqətdənkənar qalırlar. Yəni sosial cəhətdən son dərəcədə zəif olan insanların bir də müharibədən aldığı travmalardan sonra qayğısız qalması dövlət, cəmiyyət adına ayıbdır. Həqiqətənmi bu qədər məmur ordusunu yağ-bal içində yaşadan hökumət bir neçə min qazinin sosial rihafını təmin etmək iqtidarında deyil?! İnandırıcı gəlmir. Hesab edirəm ki, hakimiyyətin sosial prinsipi pozması, aztəminatlı ailələrə yuxarıdan aşağı baxması hallarının mütləq cəzası olmalıdır".

Azərbaycan Yüksəliş Partiyası Başqanının Sosial, qadın və uşaq məsələləri üzrə müavini, QHT nümayəndəsi Sevinc Fədai də əlavə edib ki, son günlər torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazilərimizin məhz intihar və intihara cəhd aksiyalarının artması, təbii ki, hər birimizdə haqlı olaraq, narahatlıq və narazılıq doğurur:

"Bu, əslində bütövlükdə cəmiyyətdə baş verən sosial gərginliyin və partlayışın göstəricisidir. Statusundan və peşəsindən asılı olmayaraq, ümumilikdə vətəndaşa qarşı laqeydliyin nəticəsidir. Qazilərimizin bu hala gətirilməsi isə xüsusi siqnaldır. Bu həyəcan təbili bizi oyatmalı, hərəkətə gətirməlidir. Postmüharibə dövründə qazilərin, eləcə də digər müharibə iştirakçılarının intiharı gözlənilən olur və kökündə psixoloji səbəblər dayanır. Ancaq məhz sosial-iqtisadi səbəblər, aidiyyəti qurumların, müvafiq şəxslərin biganəliyi vəziyyəti daha da qəlizləşdirir. Hesab edirəm ki, ən önəmlisi adları vətənlə, azad torpaqlarımızla bərabər çəkilən bu şəxslərə yanaşma dəyişməlidir. Münasibət dəyişərsə, sağlam dəyərlər sistemi formalaşarsa, sosial-iqtisadi problemlər də öz həllini tapacaq. Həmçinin ümumilikdə qazilərimizi də daha dayanıqlı və möhkəm edəcək. Ona görə də ideoloji boşluğu doldurmağa, bu sahədə ciddi və sistemli şəkildə çalışmalara ehtiyac var. Burada hökumətlə yanaşı, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, media orqanları da rol almalıdır. Həmçinin, intiharlarda rolu və təsiri olan şəxslər cəzalandırılmalıdır. Cəzasızlıq sisteminin özü böyük faciələrə və boşluğa yol açır.

 S.Fədai qeyd edib ki, məsələnin əhəmiyyəti və çəkisi nəzərə alınaraq, Azərbaycan Yüksəliş Partiyası Başqanının şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə iş üzrə müavini postu yaradıldı:

"Ardınca siyasi institut olaraq, ictimai müzakirə başlatdıq. Qalib ordunun qazisi özünü aciz, çarəsiz hiss etməməlidir, bu mövzuda əlimizdən gələni etməliyik. Problemin miqyasının daha da böyüməməsi üçün zəruri addımlar atılmalıdır. Partiya olaraq, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı problemlərin tənzimlənməsinə dair təkliflərimizi hökumətə və ictimaiyyətə təqdim etmişik. Hesab edirik ki, bu və digər addımların həyata keçirilməsi problemin həllində böyük önəm daşıyacaq. Azərbaycan Yüksəliş Partiyasının təklifləri ondan ibarətdir ki; -şəhid ailələri, qazilər və müharibə iştirakçılarının problemlərinin araşdırılması və həlli ilə bağlı mexanizmin hazırlanması üçün Azərbaycan Respublikasının Qanunverici və İcraedici orqanları, Siyasi partiyalar, İctimai institutlar, Qeyri-Hökumət Təşkilatları və Media nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılsın;

-Azərbaycan Respublikası Milli Məclisində Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş üzrə komitə (bundan sonra Komitə) yaradılsın;

-Komitə tərəfindən şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə bağlı ayrıca qanun layihəsi hazırlansın;
-Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (bundan sonra Agentlik) nəzdində fəaliyyət göstərən Elektron Hökumətin İnkişafı Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən "gazi.gov.az" portalı (bundan sonra Portal) yaradılsın;

-Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə dövlət qrumları arasında olan bütün zəruri təmaslar, əlaqələndirmələr Portal üzərindən həyata keçirilsin;
-Portala nəzarət Agentliyə həvalə olunsun;
-Agentlik hər rübün sonunda Portal üzərindən edilən müraciət, təklif və şikayətlər haqqında hesabat və təkliflər hazırlasın, hesabatların və təkliflərin ictimai müzakirəyə çıxarılmasını təmin etsin;

-İcra hakimiyyəti orqanlarında Şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə iş şöbəsinin işi yenidən daha effektiv mexanizmdə təşkil edilsin;
-İctimai nəzarət üzrə iştirakçılığın təmini üçün respublika boyu hər rayonun yerli idarəetmə strukturlarında İctimai Şuralar təsis edilsin və onların iş mexanizmi hazırlansın;
-Müvafiq dövlət qrumları tərəfindən Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına ümumölkə miqyasında münasibətin çox həssas saxlanmasını şərtləndirən, daha çox ictimai maarifləndirici funksiyanı özündə ehtiva edən sosial, iqtisadi, inzibati və humanitar layihələr hazırlansın. Onların icrası zamanı şəffaflıq və hesabatlılığı təmin etmək məqsədilə hər altı aydan bir ictimaiyyətlə birlikdə hesabat xarakterli müzakirələr keçirilsin. 

Sosial xidmətin təşkilinə yenidən baxılsın. Hökumətin bütün sahələr üzrə, o cümlədən bütün səviyyələrdə böhranın idarə olunması və çoxşaxəli kommunikasiyanın təşkili planı hazırlansın. Dövlət qurumlarında böhranın idarə olunması və böhranın aradan qaldırılması üzrə yüksək intellektə sahib peşəkar kadrlardan təşkil olunan böhran qrupları yaradılsın".