DYP yol hərəkəti qaydaları ilə bağlı ciddi tədbir görmək istəyirsə, təbliğat və təşviqat tədbirlərini düzgün qurmalıdır
"Hər kəsin yol hərəkəti qaydalarına görə hüquqları və məsuliyyəti var. Zəhmət çəkib, buna riayət etmək lazımdır"
Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara müraciət edib.
İdarədən verilən məlumata görə, yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır, bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir: "İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.
Yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq. Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur”.
Müraciətdə qeyd olunub ki, sürücülər əksər vaxtda bilərəkdən məsuliyyət hissini unuduraq müəyyən olunmuş sürət həddinə əhəmiyyət vermir, nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxır, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını kobud şəkildə pozur, ara məsafəsi saxlamır.
Halbuki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daim yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir.
DYP qeyd edib ki, piyadalar küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməli, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olmalıdır. Qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməmələri tövsiyə olunur: “İctimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə “Şərq”ə açıqlamasında deyib ki, nə xəbərdarlıq, nə də müraciətlə mövcud problemləri aradan qaldırmaq mümkündür. Deyilənlərin hamısı elə ordada da qalır. DYP yol hərəkəti qaydaları ilə bağlı ciddi tədbir görmək istəyirsə, təbliğat və təşviqat tədbirlərini düzgün qurmalıdır. Yol hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramını icra etmək lazımdır. Bu proqramda hər şey yazılıb. Sürücülərin peşəkarlığından tutmuş, piyadaların hərəkətinə qədər. İnsanların ümumi dünya görüşünü dəyişən təbliğatlar aparılmalıdır. Bu proqramda əks olunan maddələr elə formada təqdim olunmalıdır ki, sürücülər sükan arxasına əyləşərkən ilk növbədə məsuliyyətini dərk etməli olduğunu anlasın. Sürücülərə hər şeydən öncə məsuliyyət hissini aşılamaq lazımdır. O, dərk etməlidir ki, uyğunsuz idarəetməyə görə faciə yaşanar. Bir də nəzarət qaydasında olmalıdır.
Bu cür maarifləndirmə təkcə sürücülər arasında yox, həm də piyadalar arasında aparılmalıdır.
Elə etmək lazımdır ki, ”sürücü məni görür, yol verəcək" kimi stereotiplər olmasın. Qaydalar deyirsə piyada keçidindən keç, deməli, bu cür etməlisən. Hər kəsin yol hərəkəti qaydalarına görə hüquqları və məsuliyyəti var. Zəhmət çəkib, buna riayət etmək lazımdır. Qanunda konkret vəzifələr var və piyada bunu pozursa günahkardır. Sürücü isə onu gördüsə və dayana bildiyi halda dayanmırsa, günahkardır. Vətəndaşlara bunu aşılamaq, qanunun aliliyini təbliğ etmək lazımdır. BMT-nin yol hərəkəti təhlükəsizliyi ilə bağlı qəbul etdiyi sənədlərdə dövlət qurumlarından daha çox məsuliyyət tələb olunur”.