Novella Cəfəroğlu: “Qızı olacağını öyrənən ailə uşağını tələf edir. Ona görə də toplumun mentaliteti dəyişməlidir”
Xəyalə İsmayılova: “Qadınların mövzu üzrə bilgiləndirilməsi, həmçinin müxtəlif təlimlərin təşkili vacib şərtlərdən biridir"
Ləman Əliyeva:“İnsanlarımızı adıçəkilən istiqamətdə maarifləndirmək, fəsadları barədə məlumatlar verməklə qarşısını müəyyən qədər almaq mümkündür"
Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə, selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir. Bunu media eksperti Aynur Veysəlova "Azərbaycan mediasında gender həssaslığının artırılması" mövzusunda jurnalistlər üçün keçirilən təlimdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür:
"Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq, 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir".
Ekspert bildirib ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb:
"Azərbaycanda son onilliklər müddətində ultrasəs müayinəsi nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradır. Haqqında bəhs olunan müayinə üsulu nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalmasına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Kədər doğuran vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər verməliyik. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır".
Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a açıqlamasında bildirib ki, cəmiyyəti ailə quruculuğuna hazırlamaq lazımdır:
"Zorakılıq ailənin daxilindən başlayır. Bəzən ana-ata oğlan uşaqlarına daha çox önəm verir. Qadın hamilə vaxtı doğulacaq övladının cinsiyyətini öyrənir. Beləliklə, qızı olacağını öyrənən ailə uşağını tələf edir. Ona görə də toplumun mentaliteti dəyişməlidir. Sovet hökumətini heç vaxt sevməmişəm. Amma həmin zamanlarda qanunları pis-yaxşı icra edirdilər. Hazırda məsələn, zorakılığa qarşı qərar qəbul edilib.
Daxili İşlər Nazirliyi, Bələdiyyə kimi müxtəlif dövlət qurumları bu işə cəlb olunub. Bəs, yaxşı, az da olsa, nəticə görürükmü?! Abort Amerikada ləğv olunub. Azərbaycanda isə qadağan edilə bilməz".
Ginekoloq Xəyalə İsmayılova isə qeyd edib ki, bütün klinikalarda abort prosesinə icazə varsa, qarşısı alına bilməz:
"İlk növbədə, nəzarət düzgün olmalıdır. Hər hansı xəstədə prosedurun icra olunması aşkarlanarsa, dərhal bir tədbir görülməlidir. Eyni zamanda qadınların mövzu üzrə bilgiləndirilməsi, həmçinin müxtəlif təlimlərin təşkili vacib şərtlərdən biridir".
Ginekoloq Ləman Əliyeva da əlavə edib ki, günümüzdə abortların sayı hədsiz çoxdur:
"7-8 həftəsinə qədər hamiləliyin təbii və ya süni yolla dayandırılması prosesini rahatlıqla həyata keçirmək mümkündür. 12 həftədən sonra qadağandır. Lakin onun üzərində də etdirən xəstələr çoxdur. Təbii ki, 84 gün sonra abort üçün cinsiyyəti "bəhanə" etdikləri aydındır. Amma 2 ay 24 günün altında cinsiyyət bəlli deyil. Hamiləliyin 8-ci həftəsindən sonra genetik test mövcuddur. Qiyməti kifayət qədər baha olduğu üçün hər pasiyentin bunu almağa imkanı çatmır. Ona görə də çox az hallarda sözügedən genetik testin nəticəsinə görə, uşağı saldırmağa görə, müraciət edirlər. Adətən evdə 2-3 övladının olduğunu deyib, imkansızlıq, şəraitsizliklə əlaqələndirirlər. Təəssüf ki, inkişafdan qalma kimi problemli hamiləliklər də bəzi hallarda yaşanır. Bu zaman təbii göstəriş əsasında prosedur icra edilir. Ölkəmizdə belə bir qanun olsa da, olmasa da, insanların şəxsi psixologiyası analoji vəziyyətlərdə önəm kəsb edir. Adam özü düşünüb, qərara gəlməyincə, heç kim qanuna əməl etməyəcək.
Ona görə də insanlarımızı adıçəkilən istiqamətdə maarifləndirmək, fəsadları barədə məlumatlar verməklə qarşısını müəyyən qədər almaq mümkündür".