Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir.
Lakin araşdırmalar hələ də qazilərin, şəhid ailələrinin həyat fəaliyyətinin bərpası və təminatı ilə bağlı çoxsaylı problemlərin qaldığını göstərir.
Belə qazilərdən biri Vətən Müharibəsi iştirakçısı Məlik Məlikovdur. Baku Tv-yə problemini açıqlayan M.Məlikovun sözlərinə görə, Astara Rayon İcra Hakimiyyəti qazilərin şikayətinə baxmır:
"Müharibədən sonra müalicələrim davam edir. Ev məsələmə görə dəfələrlə icra hakimiyyətinə müraciət etmişəm, iş istəmişəm. Mənə zibil daşımağı təklif etdilər. Bunu özümə ayıb bilmirəm, amma 250 manat maaş mənə necə bəs etsin?”.
Qazi dəfələrlə Astara rayon icra başçısının qəbuluna getsə də, ona icra başçısının məzuniyyətdə, gah da yerində olmadığını deyərək qəbul etməyiblər.
Məlik Məlikov söyləyib ki, ona məxsus torpaq sahəsi də əlindən alınıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan "Ümid" partiyasının sədr müavini Tamilla Qulaminin qənaətincə, Azərbaycanın bütün rayonlarında qazilər və şəhid ailələri sosial problemlər məngənəsində əzilirlər:
"Ölkəmizdə sosial problemlər ümumvətəndaş problemidir. Amma Qarabağın azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ailələri və qazilər belə durumla üzləşməməlidirlər.
Çünki üçüncü Qarabağ savaşının olmayacağından heç kim sığortalanmayıb. Dövlət məmurları siyasəti elə tənzimləməlidir ki, şəhid ailəsi və qazi qapı döyməsin.
“Ümid” partiyasının Azərbaycan Respublikasının Konstitusiya əlavə dəyişikliklər edilməsi üçün təklifləri mövcuddur. Bu təklif konstitusiyanın 31-ci sosial təminat hüququ maddəsində özünü göstərir. Şəhid ailələri və qazilərə diqqət, qayğı xüsusi formada qanunla tənzimlənməlidir. Onlar məmurun, bələdiyyə sədrinin, icra başçısının qapılarını döyməməlidir. İnsanları minnətlə qapılara salmaq utancvericidir.
İcra Hakimiyyəti qaziyə niyə zibil daşımağı təklif etməlidir?! Doğrudur, zibil daşımaq da bir işdir. Lakin Qarabağ döyüşçülərinin psixologiyası belə bir işdə çalışmaqları üçün uyğun deyil. Problemin həlli yolu qanunla tənzimlənmənin həyata keçirilməsidir".