Azərbaycanda valideynləri cinsi ayrı-seçkilik fikrindən daşındırmağın yolları tapılmalıdır
"Orta məktəblərdən başlayaraq ali təhsil müəssisələrində də maarifləndirmə işləri aparılmalıdır. Ailələrlə söhbətlər aparılmalı, ağsaqqallar işə cəlb edilməlidir. Bu problemin həlli təkcə bir komitənin, bir qurumun öhdəsinə verilməməlidir, ictimaiyyət olaraq biz hamımız bu işdə iştirak etməliyik"
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Əsrlər boyunca qız övladı dünyaya gələn ailələrə "Canın sağ olsun” , "Neyləyək, Allah payıdır” deyə təsəlli vermişik. Toylarda, nişanlarda “yeddi oğul istərəm, bircə dənə qız -gəlin” deyib alqış etmişik. İndi də Azərbaycanda oğlanların sayının qızlardan çox olması ilə bağlı həyəcan təbili çalırıq. Hələ bu harasıdı!? Bir neçə onillik keçsin, arzuolunmaz övlad kimi təqdim edilən qız uşaqlarına həsrət qalacağıq!
Bu cəmiyyətin qız övladı ilə ulduzları niyə barışmır!? Tibbin inkişafından istifadə edən valideynlər ailə modelini özləri təyin etməyə başlayıblar.
Qızı olan oğlan istəyir, oğlu olan da qız. O da hələ baxır ailənin imkanına. Maddi durumu məhdud olan ailələr ilk övladı oğlandırsa, qız övladı barədə heç fikirləşmir də. Bütün bunlar isə Azərbaycanda demoqrafik göstəricilərin dəyişməsinə gətirib çıxarıb və artıq həyəcan təbili çalınır. Qız uşaqlarına qarşı "soyqırım” əməliyyatının nəticəsində isə yaxın 20 ildə oğlanlarla qızlar arasındakı balansın tamamilə pozularaq genefondumuza ciddi zərər dəyəcəyi artıq narahatlıqlara səbəb olub.
Vəziyyətin getdikcə ağırlaşması konkret tədbirlər görülməsi zərurətini ortaya qoyub.
Qeyd edək ki, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür. Üstəlik, Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir.
Azərbaycan mediasında gender həssaslığının artırılması” mövzusunda jurnalistlər üçün keçirilən təlimdə media eksperti Aynur Veysəlovanın sözlərinə görə, əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir: “Belə ki, hazırda Çində bu göstərici 100 - 110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102 - 106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir”.
Ekspert bildirib ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb:
“Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir. Bu vəziyyətlə qarşılaşmaq istəmiriksə, qızlara dəyər vermək lazımdır. Ədalətli cəmiyyət naminə qızlar üçün bərabər imkanlar yaradılmalıdır”.
Açıqlanan statistik nəticələri təhlükəli tendensiya hesab edən ekspertlərin fikrincə, qız uşaqlarının dünyaya gəlmədən məhv olunmasının qarşısını almaq üçün təcili qanun qəbul edilməlidir.
"İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova isə selektiv abort probleminin qanun gücünə, sərt qadağalar vasitəsilə tam həllinin mümkün olmayacağı qənaətindədir:
"Bu məsələdə qanunun ancaq müəyyən qədər təsiri ola bilər. Çünki bu məsələnin tibbi-fizioloji tərəfləri ilə yanaşı, mənəvi-psixoloji tərəfləri də var. USM müayinəsindən uşağın cinsini müəyyənləşdirməyi rəsmi qadağan edəcəklər, qadın bir həkim tapıb soruşacaq. Hansı üsulla bunun qarşısını almağa çalışsalar da, yenə kənardan sızmalar olacaq.
Tailand qanunvericiliyində də abort qadağan olunub. Amma abortların sayına görə öndə gedən ölkələrdən biridir. Qadağalar səbəbindən gizlin abortlar geniş yayılıb ki, bu da digər problemlərin ortaya çıxmasına səbəb olur”.
Hazırda selektiv abortların artmasının daha çox əhalinin seçimi olduğunu deyən İ.Cavadova hesab edir ki, zəruri hallar istisna olmaqla bu problem kökündən həll edilməlidir:
"Uşaq istəməyən ailələr profilaktik tədbirlər yolu ilə hamiləliyi qabaqlamalıdırlar. Qadınlar istənməyən hamiləliyin qarşısının alınması ilə bağlı maarifləndirilməlidir. Mən də hesab edirəm ki, bu sahədəki maarifləndirmədə əsas yük KİV-lərin üzərinə düşür. Abortun qadın orqanizminə ziyanı, ortaya çıxardığı fəsadlar barəsində mütəxəssis rəyləri alınmalı və cəmiyyət bilgiləndirilməlidir. Təbii ki, abortların qadağan olunması kiminsə subyektiv arzusu deyil ki. Bu layihə baş verə biləcək fəsadların qarşısının alınması istiqamətində gündəmə gətirilib. Selektiv abortlar çox ciddi problemdir, bu ölkənin həm demoqrafik vəziyyətinə, həm genefondun qorunmasına, həm də əhalinin cins tərkibinə təsir edir. Digər tərəfdən də istənilən abortda ölüm riski var. Hər bir abort sonsuzluğa səbəb ola bilər, bundan başqa, qanaxma, infeksiya, ölüm riskləri də istisna olunmur. Abort qadının hüququ ola bilər, amma sırf qız övladı istəmir deyə, doğulmamış bir uşağın həyatına son qoymaq doğru deyil. Axı valideyn bununla həmin uşağın yaşamaq hüququnu əlindən almış olur. Hesab edirəm ki, qız uşaqlarının tələf olunmasına səbəb olan amillər cəmiyyətdə mövcud olan yanaşmalar, stiqmalar, müxtəlif stereotiplər və eyni zamanda, maariflənmənin bir qədər zəif olmasıdır. Hansı ki, xaricdə xüsusi video-roliklər hazırlanır və orada abort zamanı uşağın keçirdiyi hiss-həyəcan əks olunur. Məncə, Azərbaycanda da bu cür vasitələrdən istifadə edib, valideynləri cinsi ayrı-seçkilik fikrindən daşındırmaq olar. Hətta çoxları abort zamanı qadının keçirdiyi hisslərdən, çəkdiyi ağrılardan da xəbərsizdir. Bizi qarşıda gözləyə biləcək böhranın qarşısını indidən almaq üçün orta məktəblərdən başlayaraq ali təhsil müəssisələrində də maarifləndirmə işləri aparılmalıdır. Ailələrlə söhbətlər aparılmalı, ağsaqqallar işə cəlb edilməlidir. Bu problemin həlli təkcə bir komitənin, bir qurumun öhdəsinə verilməməlidir, ictimaiyyət olaraq biz hamımız bu işdə iştirak etməliyik”.
Birlik sədrinin sözlərinə görə, dölün məhv edilməsində ən böyük günah təkcə bu işi həyata keçirən həkimlərin üzərinə düşmür, valideynlərin də məsuliyyəti böyükdür: "Sadəcə, bu kimi məsələlərdə maarifləndirməni önə çəkmək lazımdır. Hesab edirəm ki, aborta qarşı sərt qadağaların tətbiqi qiymətlərin bahalaşmasından başqa bir işə yaramayacaq. Hansı ki, bu da özlüyündə abortun xəstəxanada deyil, evlərdə edilməsi və ya digər qanunsuz üsullarla həyata keçirilməsinə səbəb ola bilər. Bir çox hallarda tibb bacıları daha ucuz qiymətə qeyri-tibbi üsullarla aborta nail ola bilirlər. Bunun isə qadının həyatı bahasına başa gəlməcəyinə heç kəs zəmanət vermir”.