Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır
Ceyhun Məmmədov: "Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması anlamına gəlmir. Əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır"
Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb. İstər müasir dünyanın çağırışları, istərsə də ölkənin yeni sosial-iqtisadi reallıqları kontekstində strateji əhəmiyyətə malik elm və təhsilin müasir tələblər səviyyəsində inkişafı baxımından Fərman olduqca mühüm əhəmiyyətə malikdir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, müasir dövrdə bütün istiqamətlərdə həyata keçirilən strategiyaların, meqalayihə və konsepsiyaların əsasında, istisnasız olaraq, elmin və təhsilin inkişafı, o cümlədən yüksək hazırlıqlı kadr potensialı dayanır. Odur ki, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə elmi potensialın inkişafı strateji əhəmiyyət daşıyır. Məhz bunun nəticəsidir ki, son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilən Azərbaycanda elmi fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilib. Heç də təsadüfi deyil ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”nda son 10 ildə əldə edilmiş əsas nailiyyətlərdən biri kimi, elmi fəaliyyət sahəsində olan uğurlar xüsusi olaraq qeyd edilib. Sənəddə göstərilib ki, son 10 ildə “elmi tədqiqat potensialı müasirləşdirilib.
Tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb və bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb. Son 5 ildə akademik nəşrlərin sayı 80 faiz artıb. Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb. Cənab Prezident tərəfindən təsdiq edilmiş Strategiyada əksini tapmış bu nailiyyətlər son 10 ildə dövlətin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan alimlərinin gərgin əməyi və səyi hesabına mümkün olub. Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, zəngin ənənələrə malik Azərbaycan elminin və təhsilinin optimallaşdırılması və strukturun təkmilləşdirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi hazırda qarşıda duran əsas vəzifələrdəndir. Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sisteminin optimallaşdırılması, şəffaflığın artırılması, kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklər təşkil edir. Bu islahatların əsas məqsədi ölkənin siyasi, iqtisadi və mədəni həyatının əsaslı şəkildə modernləşdirilməsidir. Belə şəraitdə elmi fəaliyyət sahəsində struktur islahatları, elm və təhsili vahid sistemdə birləşdirən dövlət tənzimlənməsinin həyata keçirilməsi vacib idi. Bu baxımdan Fərman mühüm funksional əhəmiyyətə malikdir.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, Prezidentin Fərmanı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Deputat bildirib ki, Fərman həm Elm və Təhsil Nazirliyinə, həm də Milli Elmlər Akademiyasına növbəti etimad kimi qiymətləndirilməlidir:
“Sənəddə qeyd olunduğu kimi, Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsidir. Həmçinin, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsidir. Sözügedən Fərman elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin uğurla həyata keçirilməsinə, bu sahədə koordinasiyalı fəaliyyətin qurulmasına öz töhfəsini verəcək. Uzun müddətdir Azərbaycan cəmiyyətində Elmlər Akademiyasının gələcək fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılırdı. Qeyd etmək lazımdır ki, Fərman Azərbaycan Milli Elmlər Akademiyasının ləğv olunması anlamına gəlmir. Əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlaması məqsədi daşıyır. Azərbaycan Milli Elmlər Akademiyası humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri istiqamətində davam etdirəcək. Burada Milli Elmlər Akademiyasının da üzərinə ciddi vəzifələr düşür. Bu qurum Azərbaycan elmində öz sözünü deməyi və yerini qorumağı bacarmalıdır. Beləliklə, Fərmanla Elm və Təhsil Nazirliyi, eləcə də Milli Elmlər Akademiyası qarşısında bir sıra yeni mühüm vəzifələr müəyyənləşdirir. İnanırıq ki, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası onun qarşısında qoyulan ağır və məsuliyyətli işin öhdəsindən layiqincə gələcək. Bu müqəddəs vəzifənin icrasında hər iki quruma uğurlar arzulayırıq”.