Məhərrəm ayında nəzarətin güclənməsi təbiidir

Problem ondadır ki, son zamanlar İran bu ayinlərdən siyasi məqsədlər üçün istifadə edir

  Qafqaz Müsəlmanları İdarəsində Məhərrəm ayının başlanması ilə əlaqədar iclas keçirilib. Şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının üzvlərinə, səlahiyyətli nümayəndələr və imamlara Məhərrəm ayı ilə bağlı tövsiyə və tapşırıqlarını bildirib. Şeyxülislam Əhli-Beytə ehtiram nümunəsi olan bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs məqam olduğunu qeyd edib. Hacı Allahşükür Paşazadə Qarabağ Zəfərinin müəllifinin müzəffər Azərbaycan Prezidenti, onun müdrikliklə irəli apardığı Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu olduğunu vurğulayıb. Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlət-xalq birliyi, dövlət rəhbərinin ətrafında sıx birləşmək, cəmiyyətimiz daxilində milli və dini birlik olduğuna diqqəti çəkib. QMİ sədri din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusi xatırladıb. 

QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olunub. Müraciətdə Aşura mərasimləri ilə bağlı konkret tapşırıq və tövsiyələr yer alıb. O cümlədən, münasib təziyədarlıq nümunələrindən biri kimi ənənəvi keçirilən qanvermə aksiyaları barədə məlumat verilib. İclasda iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərinin insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladıb. Mərasimlərdə xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. 

  İlahiyyatçı-alim Tural İrfan “Şərq”ə bildirib ki, əslində islam dinində “Məhərrəmlik” anlayışı olmasa da, ölkəmizdə Məhərrəm ayında müəyyən ayinlər keçirilir. Ekspert bildirib ki, Səfəvilərdən sonra formalaşan ənənəyə əsasən bu tədbirlər icra olunur:

 “Problem ondadır ki, son zamanlar İran bu ayinlərdən siyasi məqsədlər üçün istifadə edir. Ölkəmizdə də kifayət qədər İranmeyilli adamlar var. Ona görə nəzarətin güclənməsi və tədbirlərin məhdudlaşdırılması təbiidir. İmam Hüseyni yad etmək üçün toplaşıb zəncir vurmağın, ağı deməyin, xurafatçılıq etməyin özü günahdır və İmamın yoluna müxalifdir. Yəni bu tədbirlərin mahiyyəti İmam Hüseynin şəhadət və şücaətini təbliğ etmək yox, əksinə, hörmətdən salmaqdır. Bunun yeganə mahiyyəti yalnız siyasi amaldır”.
  İlahiyyatçının fikrincə, ölkədəki bütün din işlərinin hamısının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə verilməsi daha uyğun olardı: “İran və Rusiyanın maraqlarına xidmət edən, İran müctəhidlərinə bağlı adamlar çoxdur. Onlara nəyisə həvalə etmək təhlükəlidir. Ayinlərin icrasını Dini Komitə öhdəsinə götürməlidir. İrana bağlı olan bütün din xadimləri uzaqlaşdırılmalı, zərərsizləşdirilməlidir. Ondan sonra istənilən dini tədbirin kütləvi halda keçirilməsi problem yaratmayacaq. Dini siyasi məqsədlərə alət edən İran Əhli Beyti də alətə çevirib”.