Abşeron rayonu Saray bələdiyyəsinin sədrinin törətdiyi əməllər ifşa olunub. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxsləri qanunsuz əməllər törədib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə istintaq başlanılıb. İstintaq zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib. Qabaqcadan əlbir olan bir qrupun bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyənləşib.
Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov rüşvət alma maddələrində təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a söyləyib ki, indiyədək bələdiyyə sədrlərinin həbsinin böyük əksəriyyəti orqanların məsuliyyətsizlik və ya qeyri-qanuni addımların hesabına baş verib:
"Fevral ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum oldu. Cinayət işi ilə əlaqəli Saray qəsəbəsinin bələdiyyə sədrinin də sözügedən məsələyə görə həbs edildiyini düşünürəm. Həbslərin çoxu mülkiyyətə dair anlaşılmazlıq və qanunsuzluqlara görədir. Maarifləndirmə işi nəticəsində həbslərin sayı azalır. Dövlət müəyyən tədbirlər görür. Seminarlar, görüşlər keçirilir, tövsiyə məktubları göndərir. Amma digər orqanlardakı neqativ hadisələr dolayısıyla bələdiyyədən gəlib keçir. Ona görə də, bələdiyyə qanunsuzluğun içinə daxil olur. Korrupsiyaya qarşı atılan addımların effekti hiss edilir".