Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.
Bununla yanaşı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nə edilən dəyişikliklə Agentliyin da vəzifələri artırılıb.
Agentliyin vəzifələri sırasına insan orqanlarının və toxumalarının donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarəti və tibbi fəaliyyətin təhlükəsizliyini, habelə bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək də əlavə olunub.