Ötən gün şəhid olan Anar Kazımovun anasının ürəyi dayanıb? - AÇIQLAMA

Azərbaycan Ordusunun bu gün şəhid olan əsgəri, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlunun anasının dəfn mərasimində ürəyinin dayanmasına dair məlumatlar paylaşılıb. 
Oxu.Az xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə ciddi müzakirələrə, narahatlığa səbəb olub. 
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır:

“Şəhidin anasının səhhətində hər hansı ciddi narahatlıq yoxdur. Xahiş edirik ki, mövcud vəziyyəti nəzərə alaraq, əsassız məlumatların yayılmamasına həssaslıqla yanaşaq”.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Şəhidimiz, bu gün Şəmkir rayonunun Qaracəmirli kəndində kənd qəbiristanlığında torpağa tapşırılacaq.