MM toplanışlara çağırılma ilə bağlı dəyişikliyi təsdiqlədi

Milli Məclis hərbi xidmətdən ehtiyata buraxılanların toplanışlara çağırılması müddəti ilə bağlı dəyişikliyi son oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.

Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiqlənib.