Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib

ABŞ Prezidenti Donald Tramp mövcud fikir ayrılıqlarına baxmayaraq, Vaşinqton və Ottavanın gec-tez ticarət sazişi imzalayacağını bəyan edib.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

"Mən kanadalıları sevirəm, amma onların siyasətçiləri dəhşətlidir. Biz hər il 90 milyard dollar itiririk, mən isə pul itirməyi sevmirəm. Buna görə də gec-tez razılaşma əldə edəcəyik və bu, möhtəşəm olacaq", – Tramp bildirib.

ABŞ Prezidenti Kanadanın keçmiş baş naziri Castin Trüdonu da tənqid edərək onu uğursuz siyasətçi adlandırıb. Bununla yanaşı, hazırkı Kanada hökumətinin başçısı Mark Karnini "yaxşı insan" kimi xarakterizə edib. Lakin Tramp onun ticarət məsələlərində Vaşinqton üçün əlverişsiz mövqe tutduğunu vurğulayıb.

"Ancaq söhbət ticarətdən gedəndə o qədər də yaxşı deyil. Buna görə də onlar öyrənir və əziyyət çəkirlər. Onlar ticarətlərinin 95 faizini bizimlə aparırlar, biz isə onlarla çox az ticarət edirik", – Amerika lideri deyib.

Tramp ABŞ-ın Kanada ilə ticarətdə, onun iddiasına görə, hər il üzləşdiyi 90 milyard dollarlıq itkilərlə barışmaq niyyətində olmadığını bildirib.

O, həmçinin Kanada hakimiyyətini Amerika vəsaitlərindən səmərəsiz istifadə etməkdə, o cümlədən səhiyyə sisteminin maliyyələşdirilməsinə və digər dövlət xərclərinə yönəltməkdə ittiham edib.