Abbas Əraqçi: İran ABŞ ilə dialoqa hazırdır

İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasında çıxışı zamanı bildirib ki, İran ABŞ ilə danışıqlara hazırdır, lakin təzyiq altında suveren hüquqlarından imtina etmək niyyətində deyil.

Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Abbas Əraqçi Tehranın diplomatik həll yoluna sadiq qaldığını deyib: "Danışıqların bərpası üçün qarşılıqlı hörmət və hərbi əməliyyatların təkrarlanmayacağına dair etibarlı zəmanətlər tələb olunur.

O, ABŞ və İsraili İrana qarşı təcavüzdə günahlandırdı və əvvəlki danışıqlar cəhdlərinin dəfələrlə hərbi əməliyyatlarla əvəz olunduğunu bildirdi: "İran Qətər vasitəsilə Hörmüz boğazında normal naviqasiyanın yeddi gün ərzində bərpa olunmasını nəzərdə tutan yeddi maddəlik plan təqdim edib. Tehran və Vaşinqton daha əvvəl İslamabadda Pakistanın vasitəçiliyi və Qətərin dəstəyi ilə anlaşma memorandumu imzalayıblar. Gəmilərin keçidini təmin etmək üçün Omanla praktik tədbirləri müzakirə etməyə başlamışdıq, lakin ABŞ-ın sonrakı hərəkətləri razılaşmaların həyata keçirilməsinə mane olub".

İranın xarici işlər naziri vurğulayıb ki, Tehran qlobal ticarət və enerji təchizatı üçün vacib olan Hörmüz boğazında təhlükəsiz naviqasiyanın tərəfdarıdır: Eyni zamanda, o, dəniz rabitəsinin pozulmasını ABŞ və İsrailin hərəkətləri, eləcə də Amerika blokadası ilə əlaqələndirib.

Əraqçi İKT ölkələrini İranın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa çağırıb. O həmçinin Qəzza zolağında zorakılığın dayandırılmasının vacibliyini bildirib və Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qəzzadakı soyqırım qurbanlarının xatirə gününün təsis edilməsi təklifini dəstəkləyib.

Yəməndən danışan Əraqçi münaqişənin siyasi yolla həllini vacib sayıb və hərbi eskalasiyanın daha da artması riski barədə xəbərdarlıq etdi.

Onun sözlərinə görə, regional böhranların hərbi həlli yoxdur və Yaxın Şərq ölkələrinin təhlükəsizliyi region dövlətlərinin birgə səyləri ilə təmin edilməlidir.