Dünən Bişkəkdə Türk Dövlətləri liderlərinin 11- ci Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının yeni bayrağı qəbul olunub.
Turanın vahid simvolu olan bu yeni bayraqda əksini tapan simvolları, elementləri mənalandıran "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı deyib ki, bayrağın ortasında yer alan səkkizguşəli ulduz türklüyün simvoludur:
"Səlcuqların tarixində və abidələrində, Azərbaycan Cümhuriyyətinin bayrağında, müasir Türk Dövlətlərinin bir neçəsinin bayrağında da səkkizguşəli, beşguşəli ulduzlar var".
A.Aşırlı bildirib ki bayrağın dizaynında mavi fonda səkkizbucaqlı, aypara və ulduz, şüaları ətrafa bərabər paylanan Günəş əks olunub:
"Mavi rəng türk millətinin birliyini ifadə etməklə yanaşı milli mədəniyyətin, kültürün, türk törəsinin də simvoludur.
Mavi fon həm də aydın səmanı, sülhü və firavanlığı simvollaşdırır.
Səkkizbucaqlı ulduz çoxəsrlik türk dövlət quruluşunu təmsil edir və cümhuriyyətin təsdiqini, ortaq türk mədəni irsindən gələn sabitliyi, bir-birinə bağlılığı və gücün əlamətini bildirir.
Türk və İslam adət-ənənələrində səkkizbucaq təşkilatın irəliyə doğru apardığı yolda məşəl rolunu oynayır.
Günəş simvolundan tarixən Türk dövlətləri öz bayraqlarında istifadə edib, bu indiki mənada isə Türk Dünyasının ortaq gələcəyinə işarədir".
A.Aşırlı deyib ki, bərabər istiqamətlər üzrə paylanan Günəş şüaları işığı, açıqlığı və canlılığı təmsil edir:
"Günəş şüaları türk dünyasının yolunu işıqlandıran, onu daha parlaq edən və firavan gələcəyə istiqamətləndirən ortaq dəyərlərin, ortaq baxışın ifadəsidir.
Türk dünyasının məşhur simvolu olan ay-ulduz türk dövlətçiliyini, yüksəlişini, millətin gələcək arzularını və tərəqqisini göstərir".
A. Aşırlı bildirib ki, Turan bayrağındakı bu elementlər türk dövlətlərinin zəngin ortaq tarixinə söykənən təşkilatın dinamik və gələcəyə hesablanmış addımlarının, heç vaxt öləziməyən ruhunun əksidir:
"Bu bayraq Türk Dövlətləri Təşkilatının missiyasının mərkəzində dayanan türk kimliyinin, birliyinin, ortaq tarixi - mədəni irsinin və hərtərəfli əməkdaşlığın əsas simvollarının ən yaxşı ifadəsidir".