GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb

  • “Lenin yuxuma girib dedi ki, Stalinlə bir yerdə yatmaq istəmir”
  • GİZLİNLƏR

1961-ci il oktyabrın 31-də İosif Stalinin cənazəsi səkkiz il saxlanıldığı Moskvadakı Mavzoleydən gecə saatlarında gizli şəkildə çıxarılaraq Kreml divarının yaxınlığında dəfn edilib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Ümumi Tarix İnstitutunun elmi əməkdaşı, tarixçi Nikita Pivovarov yerli mediaya müsahibəsində əməliyyatın təfərrüatlarını açıqlayıb.

Tarixçinin sözlərinə görə, Stalinin Mavzoleydən çıxarılması məsələsi 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin XXII qurultayında gündəmə gətirilib. Leninqrad vilayət partiya komitəsinin birinci katibi İvan Spiridonov bu təklifi irəli sürüb. Müzakirələr zamanı partiyanın veteranı Dora Lazurkina çıxış edərək yuxusunda Leninin ona Stalinlə bir yerdə yatmaq istəmədiyini söylədiyini bildirib. Nəticədə qərar yekdilliklə qəbul edilib.

Pivovarov qeyd edib ki, əməliyyatın keçirilməsi üçün Qırmızı meydan mühasirəyə alınıb. Gecə saat 21:00-da Dövlət Təhlükəsizlik Komitəsinin səkkiz zabiti Stalinin cənazəsini sarkofaqdan taxta tabuta köçürüb. Daha sonra tabut Kreml alayının əsgərləri tərəfindən əvvəlcədən hazırlanmış məzara endirilib.

Tarixçinin sözlərinə görə, dəfn mərasiminin noyabr paradının məşqinə təsadüf etməsi əməliyyatın diqqətdən kənarda qalmasına imkan verib. Bununla belə, parad məşqinin xüsusi olaraq bu məqsədlə təşkil edildiyini təsdiqləyən dəqiq məlumat yoxdur.

Pivovarov əlavə edib ki, Stalinin ailə üzvləri dəfn mərasiminə dəvət edilməyib. Ertəsi gün Sov.İKP qurultayının nümayəndələrinə onun dəfn edildiyi elan olunub. Mavzoleydəki “Lenin-Stalin” yazısı isə əvvəlcə 7 noyabr paradı ərəfəsində örtülüb, 1962-ci ilin əvvəlində tamamilə götürülüb.