Babadağda azanlar... – “Səfərdən öncə coğrafi vəziyyət öyrənilməlidir”

Avqustun 6-da Babadağ dağında dörd nəfər köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb. 

Dərəyə yıxılaraq, ölüb. Onunla ziyarətə gedənlər - 2002-ci il təvəllüdlü Xudaverdiyev Nicat Vüqar oğlu, 2006-cı il təvəllüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Adil oğlu dərəyə enərək, onun meyitini çıxarmağa çalışsalar da, geri qayıda bilməyiblər. Elə həmin gün İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq, sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər baxış keçirib. Sözügedən ərazidə həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkar edilməyib. FHN-dən verilən məlumata görə, hazırda qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, çətin relyef şəraitli əraziyə səfər etməmiş, hərəkət marşrutu seçməzdən əvvəl mütləq qaydada həmin sahənin coğrafi vəziyyəti nəzərə alınmalıdır:

"Baş verə biləcək təhlükələr diqqətdə saxlanılmalıdır. Yola çıxmazdan öncə hansı müddət ərzində, neçə gün, havanın temperaturu haqqında məlumat, yağıntı faizi dəqiqləşdirilməlidir. Yaxud da hansısa turizm şirkətinin bələdçisinin müşayiəti ilə səfər təşkil olunmalıdır. 

Təkcə sürüşmədən söhbət getmir, əlverişsiz şəraitə düşüb, yolu aza, torpaq sürüşməsi, qar uçqununa düşə bilərlər. Həmçinin vəhşi heyvanların hücumuna məruz qalmaq kimi bir çox ehtimallar mövcuddur. 

Ona görə də insanlar istirahətə, əylənməyə, ziyarətə getmək istəyəndə bir neçə nəfər birləşib, tur şirkətləri vasitəsilə yola çıxmaq əlbəttə ki, yaşana biləcək təhlükəli situasiyaların qarşısını almaq üçün daha uyğundur. Təbii ki, nəzərə alınmazsa, bədbəxt hadisələrdən qaçmaq çox çətindir. Heç kim fəlakətlərdən sığortalana bilməz. 

Deməli, insanların həyat və sağlamlıqlarını təhlükəyə atacaq hallarla üzləşməmək üçün mütləq hər şeyi əvvəlcədən planlaşdırmalı, hərəkət edəcək marşrutun sxemi bilinməlidir. 

Eyni zamanda insanlar üzərində mütləq qaydada fənər, kompas, getdiyi müddətə uyğun olaraq, ərzaq ehtiyatı, su, ilkin tibbi yardım üçün vasitələr daşımalıdırlar".