Azyaşlı uşaqlar spirtli içki qəbul etdilər! – “Bu qurumlar hərəkətə keçsin!” + VİDEO

“Aidiyyəti orqanlar lazımi mexanizmləri işə salmalıdır. Hansı səviyyədə olması fərq etməz”

“Əsas məqsəd qarşısını almaqdır. Bir çox ölkələrin dünya təcrübəsində də belədir"

Azərbaycanda azyaşlı uşaqlar spirtli içki qəbul edib.  Bu barədə görüntüləri “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb. Videodan da aydın olur ki, təxminən 4-7 yaşlı uşaqlar masa arxasında əyləşərək, spirtli içki içirlər. Videonu izləyən insanlar görüntüdəki uşaqların məlum hərəkətlərini qınaq obyektinə çeviriblər.  

Sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, belə hallar tez-tez müşahidə olunur:

"Ölkəmizdə analoji məsələlərlə bağlı valideynlərin məsuliyyəti az qala sıfır səviyyədədir. Üstəlik kənar şəxslərin də düşünülməmiş hərəkətləri azyaşlıları spirtli içkiyə meyilləndirir. Ona görə də cəzaların icrasına ehtiyac var. Maarifləndirmə kimi söhbətlərin heç bir xeyiri yoxdur. 

Tamamilə mənasızdır. 18 yaşına qədər uşaqlara siqaret və alkaqollu içkilərin satılmasına icazə verən, göz yuman mağazalara, iaşə obyektlərinə sərt cəzalar tətbiq edilməlidir. Həmçinin buna yol verən valideynlər də məsuliyyətə cəlb olunmalıdırlar. 

Əks təqdirdə yeniyetmə və gənclərin tüfeyli həyata sürükləndiyinin şahidi olacağıq. Cəmiyyətin düşüncələri, fikirləri dəyişmədiyi üçün dövlət özü məcburi qanun, cəza ilə bu davranışları tənzimləməlidir, qaydasına qoymalıdır. 20 ildir, görürük, danışırıq, deyirik. Heç bir faydası yoxdur. 

Hökumət sağlam gələcəyimiz üçün azyaşlılara sahib çıxmalıdır. Lazımi mexanizmləri işə salmalıdır. Hansı səviyyədə olması fərq etməz. Əsas məqsəd qarşısını almaqdır. Bir çox ölkələrin dünya təcrübəsində də belədir".