Meyxanaçı fakt qarşısında!- “Bu, dar düşüncənin məhsuludur”

Elşad Miri:“Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün  bu cür ifadələr işlədirlər.Təəssüflər”

Fazil Mustafa:“Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi” 

Meyxanaçıların din haqqında qəzəllər, meyxanalar deməsi aktiv müzakirə predmetinə çevrilib. Müşahidələrə əsasən deyə bilərik ki, ən çox dini meyxanalar səsləndirən meyxanaçılardan bir də məhz Elşən Xəzərdir. Onun dediyi son dini qəzəl isə birmənalı qarşılanmayıb. Belə ki, meyxanaçının dini məclisdə söylədiyi qəzəldən 

“Sinə vuranlar idi səngərdə duranlar,
 Azad etdi torpağı qüdrətli hüseynçilər”

 beyti bir neçə gündür ki, aktualdır. Bəzi sosial və siyasi fəallar Elşən Xəzərin bu ifadələri orduda parçalanma yaratmaq niyyəti ilə işlətdiyini iddia edir. Onun bu sözləri cəmiyyətdə tənqid olunmaqla yanaşı, parlamentari səviyyəsində də qınanılıb. Millət vəkili Fazil Mustafa  qeyd edib ki, bu, səviyəsizcəsinə başqa ölkənin təbliğatını aparmaq üçün irəli atılan addımdır.

 Deputatın sözlərinə görə, Qarabağı Azərbaycan xalqı – xristianı, müsəlmanı, yəhudisi ilə din ayrı-seçkiliyi etmədən, türkü, talışı, tatı ilə isə xalq ayrı-seçkiliyi etmədən azad etdi: 

“Əgər hansısa məzhəb duyğusu ilə bu döyüşə girsəydik, gərək gedib ermənilərə dəstək verərdik. Çünki ermənilərə kimin dəstək verdiyi bəllidir. Qarabağda hər bir kəs Azərbaycanı qorumaq duyğusu ilə savaşdı.
Onların etdiyi bu hərəkət hayassızcasına hər bir Azərbaycan vətəndaşının öz vətənini azad etmə savaşına kölgə düşürməkdir. Heç bir şəkildə Azərbaycan vətəndaşı hansısa məzhəbə görə, hansısa dini düşüncəyə görə Qarabağı azad etməyib. Azərbaycan vətəndaşı olmağı ilə qürur və şərəf hiss duyduğuna görə bu döyüşdə iştirak edib”.

Meyxanaçıların dini qəzəllər deməsinə və deputatın cavabına münasibət bildirən ilahiyyatçı Elşad Miri “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür məsələlərdə hansısa meyxanaçı nəsə deyə bilər, lakin onun fikir və iddiaları gündəmi müəyyənləşdirməməlidir:

“Amma cəmiyyətimizdə gündəm baş qarışdırmaq üçün bu kimi ifadələrlə formalaşırsa, biz də bunlara cavab vermək məcburiyyətində qalırıq. Fazil bəyin cavabının arxasındayam. Onun fikirləri ilə razıyam. Bəs digərlərinin səsi niyə çıxmır? Kaş Fazil bəyin apardığı bu təbliğat və maarifləndirməyə digər 124 deputat da qoşula. Bu həqiqətən alqışlanmalı məsələdir”.

İlahiyyatçı müharibədə iştirak edənləri hüseynçi hesab edənlərə öz suallarını ünvanlayıb:

“Biz hər zaman Azərbaycanın multikultural cəmiyyəti olduğunu, burada insanların bərabər yaşadığını deyirik. Bu şəxslər konkret olaraq bu döyüşçüləri hüseynçilərlə əlaqələndirirlər. O zaman belə bir sual verim: Bəs bu döyüşçülərin arasında əliçilər, həsənçilər, muhammadilər və yaxud Quran tərəfdarları  yoxdurmu? Bəs Vətən müharibəsində iştirak edən yəhudi əsilli vətəndaşlarımız, şəhid olan xristian əqidədə olan döyüşçülərimiz, dinləri qəbul etməyən, özünün deist kimi təqdim edən şəhidlərimiz barədə nə deməliyik ? Bu, tipik dar düşüncənin məhsuludur. Yəqin ki, onlar ağalarının xoşuna gəlmək üçün  bu cür ifadələr işlədirlər. Təəssüflər”.