Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
Qeyd olunub ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
Xatırladaq ki, bundan əvvəl də sosial şəbəkələrdə canlı yayım açan hərbçilər barəsində müvafiq tədbirlər həyata keçirilib.