Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozanlara qarşı qətiyyətli tədbirlərin davam etdirilməsini tapşırıb.
"Report"un xəbərinə görə, müşavirədə şəxsi heyətin nizam-intizamı, mənəvi-psixoloji durumu barədə danışan müdafiə naziri təlim-tərbiyə işinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.
İnformasiya təhlükəsizliyinin qorunması, o cümlədən xidməti məlumatların, hərbi və dövlət sirlərinin sosial şəbəkələrdə yayılmasının yolverilməz olması barədə maarifləndirici söhbətlərin aparılmasının vacibliyini qeyd edib.
Qeyd edək ki, avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.