"Qaz sızmalarından qorunmağın yolu var"


Nüsrət Qasımov: "Qaz sızmasından qorunmaq üçün ilk növbədə detektor cihazlarının quraşdırılması vacibdir"

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub. Hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində baş verib. Belə ki, kompleksdəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq partlayışa səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. 
Məlumata görə, Xırdalanda yaşayış binasının qarajında baş verən yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub. Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb. 

Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Xırdalandakı yaşayış binalarından birində qaz sızması səbəbindən partlayış baş vermişdi.
Bədbəxt hadisələrin artması haqlı olaraq əhalidə narahatlıq və çoxmənzilli binaların təhlükəsizliyinə inamsızlıq yaradıb. 
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə mütəxəssisi Nüsrət Qasımov “Şərq”ə açıqlamasında qaz və elektrik enerjisinin çox təhlükəli məsələ olduğunu deyib. Onun sözlərinə görə, hansısa qaz sızıntısı, elektrik xəttinin düzgün qoşulmaması həm ev sahibinə, həm də ətrafdakı evlərə zərər verə, insan tələfatı ilə nəticələnə bilər: “Çoxmənzilli binalarda isə diqqət üst səviyyədə olmalıdır. Çünki mənzillər bir-birinə bitişikdir. Yaşayış binaları panellərin bir-birinə bağlanması yoluyla tikilir. Ümumi qaz, su xətti, elektrik enerjisi bloku olur. Bir mənzildə baş verəcək nasazlıq bütün binanı silkələyə, güclü partlayışa və insan tələfatına, ağır xəsarətlərə səbəb olar. Qaz, işıq, su idarələri ərazilərdə mütəmadi yoxlamalar, monitorinqlər aparmalı, qəzalı vəziyyətdə olan, köhnəlmiş boruları, xətləri yeniləməli, təhlükəsizlik məsələlərini gözardı etməməlidir”.

Mütəxəssisin fikrincə, çoxmərtəbəli binalar inşa ediləndə bütün lazım olan təhlükəsizlik norma və standartlar nəzərə alınmalıdır: “Qaz sızmasından qorunmaq üçün ilk növbədə detektor cihazlarının quraşdırılması vacibdir. Xüsusilə birinci mərtəbədə yaşayan şəxslər bu cihazlardan istifadə etməlidirlər. Avropa ölkələrində binaları tam olaraq detektorla təmin edirlər. Bu cihazlar istənilən tez buxarlanan maddələrə qarşı reaksiya verir. Detektor cihazlarının sayğacın yanında xüsusi klapanı olur. İçəridə sızma olan zaman həmin klapana siqnal ötürülür və qazın mənzilə verilişi avtomatik olaraq dayanır. Ona görə də xarici ölkələrdə bu cür cihazların qoyulması məcburidir. Eyni zamanda yanğına qarşı siqnalizasiya da quraşdırılmalıdır”.

Ekspert telekanallarda məsələ ilə bağlı maarifləndirmə işinin aparılmasını da vacib saydığını deyib: 

“Bu cür hadisələr baş verir, ancaq televiziyalarda maarifləndirmə işlərinin aparılmasına, müzakirələrin təşkilinə rast gəlmirik. Belə hadisələrdən sonra mütəxəssislər dəvət edilməli, müzakirələr aparılmalıdır. Sovet dönəmində hansı ölkədə belə hadisə olardısa, bunun geniş müzakirələri aparılardı. Ancaq indi bu, kimsəni maraqlandırmır. Müzakirələr olarsa, camaat nəticə çıxarıb, maariflənər. Yalnız mətbuatın sayəsində insanlar maariflənirlər”.