Mərkəzi Bank kredit portfelinin sekyüritizasiyası mexanizmini yaradır

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kredit portfelinin sekyüritizasiyası mexanizminin yaradılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib.
“Layihə hüquqi ekspertizaya təqdim olunub və hazırda Mərkəzi Bankda daxili müzakirəsi aparılır”, - AMB-dən bildirilib.

Açıqlamaya görə, ölkə Prezidenti tərəfindən 22 iyul 2022-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.2.2-ci tədbirinin (Maliyyəyə çıxışın artırılması) 6-cı alt tədbiri (Korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi) çərçivəsində 2023-cü ilədək sekyüritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması əsas nəticə indikatoru kimi müəyyən edilib.

Qeyd edək ki, kredit portfelinin sekyüritizasiyasının girov kimi istifadə oluna bilən korporativ qiymətli kağızların həcminin artırılması məqsədilə həyata keçirilməsi nəzərdə tutulur.

“Girov bazasının genişlənməsi, o cümlədən dövlət qiymətli kağızlarının və Mərkəzi Bankın notlarının həcminin artması banklararası bazarda əməliyyatların aktivləşdirilməsinə dəstək verən amillərdəndir. 2022-ci ilin I yarımilliyinin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcminin 13%, Mərkəzi Bank notlarının 44% artması banklar arasında bağlanan repo əməliyyatlarının həcminin dörd dəfədən çox artmasında töhfəsini verib”, - açıqlamada deyilir.

Məlumata görə, pul bazarının inkişafı və risksiz qiymətli kağızların həcminin tənzimlənməsi məsələləri ilə bağlı AMB Maliyyə Nazirliyi ilə daim müzakirələr aparır və əlaqəli məsələlərin koordinasiyasını diqqətdə saxlayır.

Banklararası pul bazarının yenidən formalaşdırılması istiqamətində görülən işlərə toxunaraq AMB-dən bildirilib ki, banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat çərçivəsi və platformasının təkmilləşdirilməsi istinad faizi indekslərinin hesablanması metodologiyasının hazırlanması və digər tədbirlər nəzərdə tutulur:

“Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması da banklararası bazarda aktivliyin artırılması baxımından əhəmiyyətlidir”.