Psixoloq hesab edir ki, uşaqların mühiti dəyişməsi və yeni insanlarla tanış olması da bir növ psixoloji dəstəkdir
Heydər Əliyev Fondu və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə
əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək. Avqustun 21-də 7-17 yaş arasında olan
valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayiət edən 4 nəzarətçi Bakıya gəlib.
Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-
Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji
və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək.
Psixoloq Azad İsazadə ukraynalı uşaqlara göstərilən humanitar yardımı müsbət qiymətləndirib.

O, “Şərq”ə açıqlaması zamanı qeyd edib ki, Ukraynaya hərbi yardım göstərə bilməsək də,
insanlara, əsasən də uşaqlara köməyimiz önəmlidir: “Azərbaycan da eyni prosesləri yaşayıb. İki
ilə yaxındır ki, müharibədən çıxmışıq və oxşar problemlərlə rastlaşmışıq. Bu səbəbdən kifayət
qədər təcrübə yığan peşəkarlarımız var. Döyüşlər gedən zaman bir qrup psixoloqla birlikdə
Qarabağ zonasında yerli əhaliyə, o cümlədən azyaşlılara eyni psixoloji yardımı həyata
keçirmişik.
İki gün öncə YAŞAT Fondunun yardımı ilə şəhid övladları üçün yay düşərgəsi keçirildi. Orada
həmçinin uşaqlara psixoloji dəstək də göstərilirdi. Özüm də orada iştirak etmişəm. Ümid edirəm
ki, burada da kifayət qədər peşəkar mütəxəssislər olacaq”.
Psixoloq hesab edir ki, uşaqların mühiti dəyişməsi və yeni insanlarla tanış olması da bir növ
psixoloji dəstəkdir: “Belə vəziyyətlərdə insanlar ilk növbədə düşünür ki, bu prosesi yalnız özüm
yaşayıram. Lakin onlar Bakıda yalnız olmadıqlarını anlayacaqlar. Uşaqlar zamanla onların
dərdlərinə şərik olanların, yardım etmək istəyənlərin olduğunu görəcək. Bunun özünün də
müalicəvi effekti var. Əlavə olaraq, peşəkar psixoloqlar da uşaqlarla işləsə, şübhəsiz ki, pozitiv
nəticələr əldə olunacaq”.