Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal ödəniş həllərinin qəbulu və istifadəsinin genişləndirilməsi istiqamətində səylərini davam etdirir. Avqustun 23-də “Google Pay” Azərbaycanda rəsmi olaraq istifadəyə verilib. Artıq Azərbaycanda “Android” telefon və ya “Wear OS” istifadəçiləri “Google Wallet” tətbiqi vasitəsilə ödəniş kartlarını yadda saxlaya, “Google Pay” ilə rahat, təhlükəsiz və təmassız ödənişləri həyata keçirməkləri mümkündür. "PAŞA Bank", "Bank Respublika", "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank", "Rabitəbank" və "Unibank"ın kart sahibləri "Google Pay"dan yararlana bilərlər.
Qeyd edək ki, “Google Pay” nağdsız (təmassız) ödənişlərin aparılması üçün istifadə olunan proqram təminatıdır.
Çoxları “Google Pay” proqramının fəaliyyətindən məlumatsızdır. “Google Pay” istifadəçiyə hansı üstünlüyü qazandıracaq və məhdudiyyətlər varmı?
“Sherg.az”ın xəbərinə görə, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz suallara aydınlıq gətirib. O bildirib ki, “Google Pay” ilə sadəcə kartla təmas olmadan, daha rahat və effektiv ödəniş imkanı qazanırıq:
" Kart öncədən bir dəfə “Google Wallet” cüzdanına əlavə edilməlidir. Əvvəl kartı POS - terminala yaxınlaşdırmaqla ödəniş edirdik. İndi mobil telefonun və ya "ağıllı saatın" özünü ödəniş terminalına yaxınlaşdırıb ödənişi gerçəkləşdirəcəyik.
Həmçinin onlayn ödənişləri daha rahat şəkildə, hansısa formalar doldurulmadan, qeydiyyatdan keçmədən də reallaşdırmaq olacaq. Təmassız ödəniş zamanı internetin olması da əhəmiyyət kəsb etmir”.
Ekspertin sözlərinə görə, sadəcə, bəzi məhdudiyyətlər var. Gərək kartı verən bank "Google Pay"i , telefon NFC (red. (Near Field Communication) "Yaxın Sahə Əlaqəsi" deməkdir) texnologiyanı və xidməti təqdim edən də bu tip ödənişi dəstəkləsin:
" Əlbəttə, bu gec də olsa ölkəmizdə rəqəmsal transformasiyada irəliyə doğru bir addımdır. Təmassız ödənişlər infrastrukturunun inkişafı texnoloji inkişaf göstəricisinin bir tərkib hissəsidir. Nəticədə ölkədə nəğdsiz, təmassız ödənişlərin xüsusi çəkisi kəskin şəkildə artacaq. AMB-nin səyləri təqdirəlayiqdir.
Bununla belə AMB-dən gözləntilər daha çoxdur. Bütövlükdə bank-maliyyə sektorun rəqəmsal transformasiyasına şərait yaradan, az qala 10 ildir ki müzakirəsi gedən "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanun layihəsini" ortaya çıxarmalıdır. Rəqəmsal manat layihəsini reallaşdırmalıdır. Qlobal ödəniş sistemlərinə inteqrasiyada mühüm rol oynayan "PayPal" ödəniş sistemini Azərbaycana gətirmək lazımdır. Ölkədə mövcud olan yüksək bank komissiyaları, nəqdləşdirmə məhdudiyyətləri və rüsumları, mənasız limitləri ləğv etmək və s. gərəklidir”.