Narınc Rüstəmova:“ Uşağı zibil qabına atmaq, ölümünü gözləmək, hələ də yaşadığını görüb, torbaya salmaq, ağzını bağlamaq, nəfəssiz saxlamaq, sonra onu götürüb, çantaya qoyub, daşıması kimi şüursuz rəftarına haqq qazandırmaq mümkünsüzdür”
“Çantasını qoluna taxarkən övladının ölü bədəni, onun istiliyi qadının qarnını, kürəyini, qollarını heçmi yandırmadı?!”
“Anlaşılan, "ananın" uşağın "atası" ilə münasibətləri o qədər gərgindir ki, qadın onun heyfini, təsadüfi birlikdəliyin aqressiyasını o körpədən çıxıb"
Bakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.
Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, həmin qadın 2 il öncə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib. Amma övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın martın 30-da daimi yaşadığı kafenin sanitar qovşağında təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq, ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellofon torbaya qoyaraq və ağzını düyünləyərək, bağlayıb. Boğularaq, ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq, yatıb. Səhəri gün uşağın nəşinin olduğu torbanı Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq, uzaqlaşıb. Aprelin 2-də kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda cəsədi aşkar ediblər.
Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin üzvü, Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun "İnkişaf və Yaş Psixologiyası şöbəsi"nin kiçik elmi işçisi, klinik psixoloq Narınc Rüstəmova "Sherg.az"a açıqlamasında deyib ki, sevilməyən uşaqların acı taleyi ölümlə nəticələnir:
"Belə bir dəhşətli, insanlığa sığmayan, qandonduran hadisənin yaşanması acınacaqlıdır. Üstəlik, bunu bir ananın öz körpəsinə etməsi həqiqətən də faciəvidir. Döl 3 ayından ana bətnində hərəkət etməyə başlayır, bununla da analıq hissi yaranır. Uşağın tərpənişləri, onunla birlikdə yeyib, birgə yatması kimi hallar hər biri ananın uşağa qarşı bağlılıq duyğusunu artırır. Bəs, yaxşı, belə bir sual meydana çıxır, niyə bu anada sözügedən duyğu yaranmayıb? Çox təəssüf ki, biz bioloji ilə yanaşı, həm də sosial varlığıq. Hislərimiz düşüncələrimizə, fikirlərimiz isə davranışlarımıza yansıyır. Onun bu körpə ilə bağlı aqressiyası, kin duyğusu analıq sevgisini üstələyir. Burada çox önəmli bir nüans daha var. Uşağı xüsusi bir yerdə divardan asaraq, sanki hərəkətini cəmiyyətə sanki görk edir. Qərəzli mövqe müşahidə olunur. İnsanlar evliliyə addım atanda ailənin "meyvəsi" kimi övladı görürlər və uşaq dünyaya gətirmək istəyirlər. Lakin nigahdan kənar, istənilməyən körpələrin taleyi bu şəkildə olur. Baş verən hadisədəki qadının analıq duyğusunu sorğulamaq və bunu mütləq müzakirə predmetinə çevirmək doğru deyil. Hər bir qadının içində analıq hisləri olur, amma kimisində az, kimisində çox. Həmin qadında isə həddindən artıq qəzəb, nifrətin olması övladına qarşı sevgisinin, məhəbbətinin səsinə qulaq tıxayıb, körpəni amansızcasına öldürməsinə gətirib, çıxarıb".
Psixoloq bunu da əlavə edib ki, qeydə alınan hadisəni oxuyanda insanın tükləri ürpənir:
"Uşağı zibil qabına atmaq, ölümünü gözləmək, hələ də yaşadığını görüb, torbaya salmaq, ağzını bağlamaq, nəfəssiz saxlamaq, sonra onu götürüb, çantaya qoyub, daşıması kimi şüursuz rəftarına haqq qazandırmaq mümkünsüzdür. Çantasını qoluna taxarkən övladının ölü bədəni, onun istiliyi qadının qarnını, kürəyini, qollarını heçmi yandırmadı?! Belə insanlar qadın adına da layiq deyil. Bu situasiya antisosial şəxsiyyət pozuntularında çox rast gəlinir. Eyni zamanda şəxsin yaşayışına baxsaq, tüfeyli həyatı olduğunu görərik. Daimi iş yerinin, evinin olmaması, sonu görünməyən işlər, hədəfsiz bir insan təsəvvürümüzdə canlanır. Anlaşılan, "ananın" uşağın "atası" ilə münasibətləri o qədər gərgindir ki, qadın onun heyfini, təsadüfi birlikdəliyin aqressiyasını o körpədən çıxıb".
N.Rüstəmova həmçinin məhkəmənin təyin etdiyi cəza ilə bağlı məqama da toxunub:
"3 il həbs cəzasından sonra bu insan islah olacaqmı? Antisosial şəxsiyyət pozuntularının 100/80 faizinin sonu ya həbsxana, ya da ölümdür. Belə şəxslərdə 9-10 yaşlarda üsyankarlıq, qaydalara zidd çıxma kimi əlamətlər özünü büruzə verir. Həmçinin heyvanlara, ümumiyyətlə, bütün dünyaya, canlılara qarşı aqressiya şəklində ortaya çıxır. Kiçik yaşlarında heyvanlara zülm edən, qaydalara tabe olmayan, dərs oxumaq istəməyən uşaqlar kimi görünürlər, sonra təhsildən yayınırlar. Beləliklə, ailə həyatı çətin olan şəxslər formalaşır. Uşaq vaxtlarından gördüyü psixi, cinsi, maddi zorakılıq halları məhz belə övladlarda antisosial şəxsiyyət pozuntusunun qığılcımlarını yaradır. Həmçinin sosiallığa qarşı antipatik düşüncələrlə nəticələnir. Həmin psixoloji problemləri olan adamlar yeniyetməlik dövrünə çatdıqda evdən qaçırlar. Çox zaman içki aludəçiliyi, narkotik vasitələrdən istifadəyə şahidlik edirik. Ən dəhşətlisi isə bu insanlar ətrafımızda, əhatəmizdə yaşayırlar. Onların sosial rifahı, intellekt və təhsil səviyyəsi nə qədər aşağıdırsa, cinayət törətmə riskləri bir o qədər yüksəkdir".
Müsahibimiz övladın düzgün tərbiyə edilməsi barədə cəmiyyətə bir sıra tövsiyələr verib:
"Övladlarımıza təhsil imkanları qazandıraq. Uşaq evdən qaçanda, ailəsinə qarşı aqressiya sərgiləyəndə, yalan danışanda, oğurluq edəndə vaxtında psixoloq dəstəyi alsınlar. Eyni zamanda böyüklərə, yaşlılara qarşı nəzakətsizlik, heyvanlara əzab verilməsi hallarına rastladıqda mütəxəssisə müraciət mütləqdir. Əks halda böyütdüyümüz insan gələcəyin canisinə çevrilə bilər. Üzə çıxan paradoksa görə, həmin qadının uşaqlığı da xoş təəssüratlı keçməyib. Dünyaya gətirdiyi övladın da özü kimi asosial olma ehtimalı çoxdur. Yekun olaraq, bu "ananın" ailə həyatında, valideynlərinin tərbiyəsində natamamlıq mövcud olduğunu deyə bilərik. Nə etdiyini bilməyən, qeyri-normal davranışlarının fərqində olmayan adamlardan uşaq törəməməlidir. İndi bilmirik, "ana" bu uşağa yaxşılıq etdi, ya pislik?! Təbii ki, heç bir səbəb canlı varlığın həyatına son qoymaq üçün bəhanə ola bilməz! Saxlaya bilmirdisə, dövlət qurumlarına vermək olardı. Beləliklə, doğru yardımın köməyilə uşağın taleyi anasının qismətinə bənzəməzdi".